Rayon haqqında
Rayon haqqında
Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə sahəsi 1231 kv.km, əhalisi 36.853 nəfər olmaqla yaradılmışdır. Həmin qərarla isə Goranboyun tarixi torpaqları hesabına sahəsi 555 kv.km, əhalisi 12.578 nəfər olmaqla Aşağı Ağcakənd rayonu yaradılmışdır. 8 sentyabr 1938-ci il tarixli qərarla Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd rayonu isə Şaumyan (kənd) rayonu adlandırılmışdır. . Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək qədim Goranboyun tarixi torpaqları vahid bir rayon halında birləşdirilmiş, sahəsi 1791 kv.km, əhalisi 91,5 min nəfər olan Goranboy rayonu yaradılmışdır.
Goranboy rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşir. Səthi şimala doğru alçalan dağlıq və düzənlikdir. Rayonun cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları, şimalını isə Mingəçevir su anbarının cənub sahili boyunca yerləşən Bozdağ silsiləsi əhatə edir.Rayonun cənub-şərqində yüksəklik Murovdağın ən yüksək zirvəsi Gamış dağda 3724 m-dir.Goranboy rayonu neft (Acıdərə neft yatağı, Qazanbulaq neft yatağı) əhəngdaşı, gil, barit, gips, tikinti daşı, yodlu yeraltı sular, dalanit və s. kimi faydalı qazıntılarla zəngindir.Goranboy rayonunun iqlim tipləri – yüksək dağlıq tundra iqlimi, qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən mülayim-isti iqlim, qışı quraq və yayı isti keçən yarımsəhra və quru çöl iqlimi.Rayon ərazisindən mənbəyini Kiçik Qafqazın şimal-şərq yamacından götürən, Kür çayı hövzəsinə aid olan Kürəkçay, Gorançay, İncəçay, Buzluqçay, Korçay, Qaraçay çayları axır.Düzənlik, dağətəyi və dağlıq zonalardan ibarət olan rayonun torpaqları şabalıdı, dağ boz-qəhvəyi, çimli dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, açıq şabalıdıdır.Rayon ərazisində canavar, tülkü, boz dovşan, çölsiçanı, yenot, ular, turac, bəzgək, dovdaq, ceyran, cüyür, daşlıq dələsi, çaqqal, gürzə vardır. 1961-ci ilin noyabrında rayon ərazisindəki nadir heyvan və quş növlərini (ceyran, kəklik, turac) qorumaq məqsədilə ümumi sahəsi 15.000 ha olan Korçay dövlət yasaqlığı yaradılmış, sonradan həmin yasaqlığın bazasında 2007-ci ildə Dövlət Qoruğu yaradılmışdır.
XIX əsrdən Goranboy əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, ipəkçilik və arıçılıq olmuşdur.
Goranboy rayonunda hazırda 79 ümumtəhsil məktəbi vardır ki, bunlardan 58-i tam orta, 11-i ümumi orta, 10-u isə ibtidai məktəblərdir. 32 uşaq bağçası, 1 peşə məktəbi fəaliyyət göstərir.
Rayonda Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, 33 Mədəniyyət Mərkəzi, 32 klub, 64 kitabxana filialı, 2 Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, 7 Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.
142 çarpayılıq yeni Mərkəzi xəstəxana, 30 çarpayılıq Dəliməmmədli şəhər xəstəxanası, 15 çarpayılıq Xan Qərvənd kənd xəstəxanası, 20 həkim, 40 tibb məntəqəsi əhaliyə tibbi xidmət göstərir.
Araşdırmalarla və faktlarla sübut olunmuşdur ki, ölkəmizin digər ərazisi kimi Goranboy torpağı da türkdilli xalqların yaşadığı və mədəniyyətin təşəkkül tapdığı qədim ərazilərdəndir.Goranboyun ərazisi qədim insanların yaşayışı üçün coğrafi cəhətcə əlverişli bir məkan olmuşdur. Bu torpaqlardan Avropa-Asiyanı birləşdirən qədim ticarət karvan yolları keçmiş, Xəzər və Qara dənizlərə asanlıqla çıxış əldə etməklə İran, Hindistan, Suriya, Çin, Misir, Assuriya, həmçinin Balkan ölkələri ilə iqtisadi, mədəni əlaqələrin qurulmasına səbəb olmuşdur.Şətəl şəhər qalası (mənbələrdə Şütür qala) Goranboy tarixinin möhtəşəm bir hissəsi olmaqla Azərbaycan tarixçiliyində Goranboyun sütununu təşkil edən güclü faktorlardandır. III əsrdən XIII əsrə kimi Bərdə və Gəncə şəhərləri arasında alınmaz qala olmaqla, həm də Azərbaycan Atabəylər dövlətinin xəzinəsinin etibarlı saxlandığı bir yer olmuşdur.
Goranboy rayonu tarixən məhşur insanları, nəsilləri, kəndli hərəkatının nümayəndələri, müharibə və əmək qəhrəmanları, dövlət, elm, ədəbiyyat və incəsənət, hərb xadimləri, Milli Qəhrəmanları ilə tanınan bir diyardır. Rayonun tarixinə nəzər saldıqca bu gün ilk olaraq XIX əsrin görkəmli Azərbaycan tarixçisi və ictimai xadimi, «Qarabağnamə»nin müəllifi Mirzə Adıgözəlbəy, görkəmli Azərbaycan yazıçısı, publisisti, teatr və ictimai xadimi, Mirzə Adıgözəlbəyin nəvəsi Əsgərağa Gorani, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ilk Poçt,Telqraf və Əmək naziri, ilk Ədliyyə naziri olmuş, Azərbaycanda ədliyyə-məhkəmə sisteminin banisi Aslan bəy Səfikürdlü və digərləri fəxrlə yad edilir. Rayonda bir çox məhşur nəsillər olmuşdur ki, onların nümayəndələrinin Azərbaycan tarixində, elmində böyük xidmətləri böyükdür. Səfikürdskilər nəslinin ən görkəmli nümayəndəsi Aslanbəy Səfikürdskidir. Qulubəyovlar nəslinin tanınmış nümayəndəsi Rəhim bəy Qulubəyov Qori Müəllimlər Seminariyasını bitirmiş, uzun illər əhalinin maarifləndirilməsi ilə məşğul olmuş, xidmətlərinə görə Lenin ordeni və «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunmuşdur. Bu gün nəslin davamçıları respublikanın müxtəlif elm sahələrində çalışırlar.
Rəfililər nəslinin ən tanınmış nümayəndəsi Hacı Həsənin XIX əsrin ikinci yarısında Borsunlu kəndində böyük torpaq sahələri, mülkləri, Şəmkirdə və Borsunlu kəndlərində pambıqtəmizləmə zavodları olmuşdur. Bu nəslin ən tanınmış nümayəndəsi filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, şair, tərcüməçi, sərbəst şeirin ilk nümunələrinin yaradıcısı, çoxsaylı kitabların müəllifi Mikayıl Rəfili olmuşdur. Nəslin yetirmələrinin səsi bu gün müxtəlif elm ocaqlarından gəlir.Goranboy xalq qəhrəmanları ilə də məhşur olmuşdur. Xalq qəhrəmanlarından biri çar hakimiyyətinə qarşı vuruşmuş Dəli Alı olmuşdur.Ermənilərin törətdikləri vəhşilikləri görən Dəli Alı başına topladığı dəstəsi ilə onların yaşadıqları Bayan, Çardaqlı və bir neçə kəndləri işğal etmiş, rus jandarmı və kazakları ilə dəfələrlə döyüşə girmişdir.Romanov sülaləsinin 300 illiyi münasibətilə çar hökumətinin amnistiya haqqında fərmanında Dəli Alı bağışlanır və o, Peterburqa, çar ailəsinin 300 illiyi münasibətilə keçirilən məclisə dəvət edilir. Dəli Alının qəhrəmanlığı bu gün də dillərdə dastan olub.Goranboylular Böyük Vətən Müharibəsində də qəhrəmanlıqlar göstərmiş, adlarını tarixə yazmışdır. Onlardan biri Məmməd Məhərrəmovdur. O, Sovet-Finlandiya müharibəsində, 1941-1945-ci illər müharibəsində müxtəlif cəbhələrdə bölmə, vzvod və rota komandirləri olmuş, Krımın, Ukraynanın və Polşanın azad edilməsi uğrunda, Almaniyada gedən döyüşlərdə iştirak etmiş, Dnepr çayının keçilməsində igidlik göstərmişdir. Döyüş şücaətlərinə görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Digər müharibə qəhrəmanlarından biri Sovet İttifaqı Qəhrəmanı İdris Süleymanovdur. İ.Süleymanov Böyük Vətən Müharibəsində Şimali Qafqazda Mozdok yaxınlığında gedən döyüşlərdə vzvod komandiri olmuş, düşmən tanklarının hücumunun dəf edilməsində igidlik göstərmiş və buna görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Bu qəhrəmanlıq ənənələri Qarabağ müharibəsində də davam etmiş, 1-ci və 2-ci Qarabağ savaşlarında, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə goranboylular əsl hünər və qəhrəmanlıqlar göstərmişlər. Torpaqlarımızın bütövlüyü uğrunda rayon 353 şəhid vermiş, 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı və 1 nəfər Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşlər. Onların hər birinin döyüş yolu, göstərdikləri şücaəti, vətən, torpaq məhəbbəti gənclər üçün örnəyə çevrilmişdir. Bu gün hər bir goranboylu onlarla fəxr edir.
Goranboy rayonu kənd təsərrüfatı rayonu olmaqla həmişə taxıl, pambıq və digər məhsulların istehsalına görə fərqlənmişdir. Təsərrüfatlarda çalışan neçə-neçə insanlar öz zəhmətləri ilə əmək zirvəsinə yüksəlmiş, yüksək nəticələr əldə etdiklərinə görə keçmiş Sovet İttifaqının ən ali mükafatlarına layiq görülmüşlər. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova, Sosialist Əməyi Qəhrəmanları Manya Kərimova, Mansır Kərimov, Həvayət Qurbanova, İlyas Quliyev, Bəşir Musazadə və Cəlil Məmmədovun qazandıqları əmək qələbələri Goranboyun tarixinə qızıl hərflərlə yazılmışdır. Əmək qəhrəmanlarının bu ənənələri ardıcılları tərəfindən davam etdirilmiş, onlar da əmək cəbhəsində hünərlər göstərmişlər. Lenin ordenli Nağı Bayramov, Lenin ordenli, «Şərəf Nişanı» və «Oktyabr inqilabı» ordenli, Azərbaycan SSR Ali Sovetinin deputatı Zümrüd Quliyeva, Lenin və «Qırmızı Əmək Bayrağı» ordenli, SSRİ Dövlət Mükafatı Laureatı Qaratel Əliyeva, 2 dəfə «Qırmızı Əmək Bayrağı» və «Şərəf Nişanı» ordenli Göyüş Mustafayev, «Qırmızı Əmək Bayrağı» ordenli, SSRİ Dövlət Mükafatı Laureatı Yaşar Nəbiyev, Lenin ordenli Hüseyn Nəbiyev, Lenin ordenli Zümrüd Həsənova, Lenin və «Qırmızı Əmək Bayrağı» ordenli Paşa İsmayılov belə əmək qəhrəmanlarındandır.
Goranboylular digər sahələrlə yanaşı dövlət orqanlarında da ləyaqətlə xidmət göstərərək rayonun adını həmişə uca tutmuşlar. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi, Mədəniyyət Naziri və dövlət Kinomotoqrafiya Komitəsinin sədri işləmiş Abdulla Bayramov, Gəncə, Bərdə, Şəmkir, İmişli rayon partiya komitələrinin birinci katibi işləmiş, Azərbaycan Ali Sovetinin ikinci çağırış, SSRİ Ali Sovetinin üçüncü çağırış deputatı olmuş Rza Aslanov, Astraxanbazar, Biləsuvar, Gədəbəy, Dəstəfur rayon partiya komitələrinin birinci katibi işləmiş Əli Bünyadzadə, «Qırmızı Əmək Bayrağı» ordenli, əvvəllər sovet, təsərrüfat orqanlarında, sonralar Qasım İsmayılov rayon partiya komitəsinin II katibi və rayon XDS İcraiyyə Komitəsinin sədri işləmiş İsa Qurbanov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Təşkilat Şöbəsində inspektor, Balakən, Ucar, Goranboy, Kürdəmir rayon partiya komitələrinin birinci katibi və rayon İcra Hakimiyyətinin başçısı, Dövlətqaçqınkomun sədri, Kənd Təsərrüfatı Naziri vəzifələrində işləmiş və «Şərəf Nişanı» ordeni ilə təltif olunmuş İrşad Əliyev, iki dəfə «Qırmızı Əmək Bayrağı» və «Şərəf Nişanı» ordenli, Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin kadr hazırlığı bölməsinin müdiri, Kirovabad Vilayət Partiya Komitəsinin şöbə müdirinin müavini və şöbə müdiri vəzifəsində çalışmış Firudin Mustafayev dövlət idarəçiliyində layiqincə işləmişlər.
Goranboy rayonu həmişə öz ziyalıları ilə tanınıb, onlar Azərbaycan elminə sanballı töhfələr verib və bu gün də bu ənənə davam edir.Texnika elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının və Nyu-York Akademiyasının həqiqi üzvü seçilmiş, Akademik Keldiş adına və «Qızıl Ulduz» medalı ilə təltif olunmuş, Azərbaycan EA Kibernetika İnstitutunun direktoru Telman Əliyev, Tarix Elmləri doktoru, professor, «Əməkdar elm xadimi», Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Xalq Təsərrüfatı və Azərbaycan dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində işləmiş, Yusif Məmmədəliyev mükafatı laureatı Sərvər Aslanov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, şair, tərcüməçi, sərbəst şeirin ilk nümunələrinin yaradıcısı, çoxsaylı kitabların müəllifi Mikayıl Rəfili, Kanadanın Edmonton Universitetinin professoru, fizika üzrə elmlər doktoru Arzu Sərdarlı, Kimya elmləri doktoru, professor, ixtiraları üçün 53 müəlliflik şəhadətnaməsi almış, «Şərəf Nişanı» ordeni ilə təltif olunmuş Aygün Bünyadzadə, Geologiya-minerologiya elmləri doktoru, Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, Dövlət Mükafatı laureatı, neft və qaz yataqlarının kəşfiyyatı və axtarışı üzrə tanınmış mütəxəssis alim Ziya Bünyadzadə, Kimya elmləri doktoru, 100-dən çox elmi əsərin, 15 ixtira və patentin müəllifi Mikayıl Qulubəyov, Tibb elmləri doktoru, professor, 70-ə qədər elmi işin, bir neçə dərsliyin müəllifi Zakir Əliyev, Hüquq elmləri doktoru, professor, 60 elmi işin müəllifi Firudin Əhmədov, Tibb elmləri doktoru, professor, 100-ə yaxın elmi məqalənin, 5 müəlliflik şəhadətnaməsinin, bir dərsliyin, bir neçə vəsaitin müəllifi Hüseyn İbrahimov, kimya elmləri doktoru, professor, Çexoslovakiya və Başqırdıstanda tətbiq edilmiş patent qabiliyyətli 35 ixtira və səmərələşdirici təklifin müəllifi Mədəd İsgəndərov, Tibb Elmləri doktoru, professor, 130-dan artıq elmi əsərin, 3 dərsliyin müəllifi olmuş, «SSRİ Səhiyyə Əlaçısı» döş nişanına layiq görülmüş Sədrəddin Kərimov, Fizika-riyaziyyat elmləri doktoru, professor, 35-dən çox elmi və elmi-metodiki məqalənin, tədris vəsaitinin müəllifi Tofiq Kərimov, Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikası EA Fizika İnstitutunda «Kristollofizika» laboratoriyasının rəhbəri, elmi işin, 10 müəlliflik şəhadətnaməsinin müəllifi Elmira Kərimova, Tibb elmləri doktoru, 50 elmi məqalənin, 40 səmərələşdirici təklifin, 6 yeni kəşfin, 9 metodik tövsiyənin, 3 kitabın müəllifi Cəmaləddin Mehdiyev, Tarix elmləri doktoru, professor, rayon üzrə ilk arxeoloq alim, 70-dən artıq elmi işin, 500-ə yaxın elmi məqalənin müəllifi Arif Məmmədov, Fizika-riyaziyyat elmləri doktoru, professor, 40-a yaxın elmi əsərin müəllifi Nazim Musayev, Tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, Tarix elmləri doktoru, professor İradə Rəfizadə, Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Rauf Sərdarlı, Geologiya-minerologiya elmləri doktoru, 100-dən çox elmi əsərin müəllifi Firudin Hacıyev, Tarix elmləri doktoru, professor, 5 iri həcmli monoqrafiya və dərsliyin, 50-ə yaxın elmi məqalənin, «Dünya xalqlarının etnoqrafiyası» adlı kitabın müəllifi Həbil Həbilov, Texnika elmləri doktoru, professor Asif Həsənov, Geologiya-minerologiya elmləri doktoru, 180-dən artıq əsərin müəllifi, «Əməkdar geoloq» İlyas Həsənov, Tarix elmləri doktoru, professor, 6 kitab, 50-dən çox elmi və elmi metodiki məqalə və Azərbaycan tarixi kursunun tədrisinə dair bir neçə proqramın müəllifi Vahid Çıraqzadə, Tibb elmləri doktoru, professor Zeynal Cəfərov və adları qeyd olunmayan neçə-neçə elmlər doktoru və yüzə yaxın elmlər namizədi Goranboy rayonunun elmi potensialının göstəricisidir.
Goranboy rayonu el şairləri, yazıçıları və incəsənət xadimləri ilə də məhşurdur. Saz və söz sənətinin əvəzsiz ustadı, respublikanın «Əməkdar mədəniyyət işçisi», «Səttarxan» və «Şərəf Nişanı» ordenləri ilə təltif olunmuş Aşıq Hüseyn Cavan, tanınmış el şairi və aşığı, qoşma, qıfılbənd, deyişmə, təcnis, dodaqdəyməzləri indi də el aşıqlarının dilindən düşməyən Bisavad Teymur, Azərbaycan şairi, XX əsr realist ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri, şeirlərində mülkədar zülmünü, çarizmin müstəmləkəçilik siyasətini, süründürməçiliyi, qadın azadlığı düşmənlərini, geriliyi qamçılayan, azadlıq ideyalarını təbliğ edən Böyük Sabirimizin davamçısı Əli Nəzmi, yazıçı, SSRİ Yazıçılar İttifaqının üzvü, 15-ə qədər roman, 40-a qədər povest, 150-yə qədər hekayə, mənzum dastan, əfsanə və oçerkin müəllifi İsmayıl Qarayev, «Əməkdar incəsənət xadimi», rəsam, Dövlət Bədii Qalereyasının direktoru olmuş Rüfət Rəfizadə, «Əməkdar incəsənət xadimi», professor, ilk azərbaycanlı rejissor qadın Ulduz Rəfili, şairə, bəstəkar, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, bir neçə publisistik və şeirlər kitabının, xeyli sayda mahnıların müəllifi Xanım İsmayılqızı, el şairi, şeirləri dillər əzbəri olan Şair Səfər həmişə fəxrlə anılır, onların yaradıcılıqları ilə bağlı tədbirlər keçirilir.
Goranboy rayonu hərb tarixinə və hüquq-mühafizə orqanları sisteminə layiqli kadrlar yetişdirmişdir. General-mayor, Azərbaycan Respublikasının Müdafiə Naziri işləmiş, hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev, General-mayor, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis idarəsinin rəisi işləmiş Oqtay Əliyev vətən qarşısında, dövlət qarşısında xidməti borclarını ləyaqətlə yerinə yetirərək bu ali rütbəyə yüksəlmişlər.
«Şərəf Nişanı», «Qırmızı Əmək Bayrağı» ordenli müəllim Məmmədəli Axundov, qabaqcıl maarif işçisi Nadir Əliyev, «Şərəf Nişanı» ordenli, «Qabaqcıl maarif xadimi», «SSRİ-nin maarif əlaçısı» Firudin Məmmədov, «Əməkdar müəllim» Səkinə Çobanzadə, «Lenin» ordenli müəllim Babakişi Civəzadə, «Əməkdar müəllim» Əhəd Şərifovun davamçıları bu gün də vardır.
Bu gün Goranboy inkişaf edir, abadlaşır, gözəlləşir. Əhalinin firavan həyatı üçün infrastruktur layihələr həyata keçirilir. Bütün bunlar Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla və yaradıcılıqla yerinə yetirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin bütün bölgələrlə yanaşı, Goranboy rayonuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Dövlət başçısının 2005-2021-ci illərdə 8 dəfə rayona səfəri, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncamları Goranboy rayonunun hərtərəfli inkişafını təmin etmişdir.
.