Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi və coğrafi mövqeyi

 

Goranboy rayonu Azərbaycan SSR Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə inzibati rayon kimi yaradılmışdır. 1938-ci ildə Goranboy rayonu Qasım İsmayılov adlandırılmış və ərazisində Şaumyan rayonu yaradılmışdır.  Azərbaycan Respublikası Ali sovetinin 1991-ci il 12 fevral tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilərək Şaumyan rayonu ləğv edilmiş, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılmışdır. 

Goranboy rayonu Bakı şəhərindən 322 km məsafədə, Azərbaycanın qərb bölgəsində yerləşməklə şimal-şərqdən-Yevlax, cənubi-şərqdən-Tərtər, cənubi-qərbdən-Kəlbəcər, qərbdən-Göygöl, şimal-qərbdən-Samux rayonları ilə həmsərhəddir. Sahəsi-1700.25 km2, əhalisi-107,8 min nəfərdir. Bundan başqa rayon ərazisində 11847 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. (ümumilikdə, 87 yaşayış məntəqəsindən 85-də yaşayış var, 2  məntəqədə Gülüstan və Başqışlaq kəndlərində yaşayış yoxdur.)
Cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları əhatə edir. Rayonun şimalını Mingəçevir su anbarının sahili boyunca yerləşən Bozdağ əhatə edir. Rayonun şimalında dəniz səviyyəsindən hündürlük 50 m, cənubunda-Murovdağda ən yüksək zirvə-Gamış dağda 3724 m-dir. Rayonun relyefi aşağıdakı morfostrukturlara bölünür:
1. Bozdağ alçaq dağlıq
2. Qazanbulaq-Naftalan düzənliyi
3. Gəncə-Goranboy düzənliyi
4. Ağcakənd düzənlik və tirləri
5. Göygöl yayla və dağları
6. Kəpəz dağları
7. Murovdağ şərqsıra dağları
Rayonun cənubunu əhatə edən Murovdağda kiçik Qafqazın ən yüksək zirvələri-Gamışdağ (3724 m), Murovdağ (3340 m), Keçəldağ (2225 m) yerləşir.Goranboy rayonu mürəkkəb geoloji qurluşa malik olaraq əhəngdaşı, gips, gil, barit, tikinti daşı, delomit, qırmızı qum, narın qum, yodlu yeraltı suları, neft (yağ-neft) və s. kimi faydalı qazıntılar və sərvətlərlə zəngindir. Rayonun Qazanbulaq, Boluslu və Borsunlu ərazisində də müalicə əhəmiyyətli qaynar su təbii sərvət kimi istifadə olunur.Tikinti materialları ilə zəngin olan rayonda, Sarıyoxuşda, Qazanbulaqda karbonatlı tikinti materialları yataqları, Ağcakənd zonasında gips yataqları, Qarqucaq ərazisində odadavamlı gil, geolin yataqları, Tap Qaraqoyunlu, Hacallı, Səfikürd kəndlərində çay daşı, kvars qumu kimi tikinti materialları var. Murovdağın şimal-şərq yamacında barit yatağı mövcuddur. Rayonun dağətəyi və dağlıq zonaları mineral bulaqlarla zəngindir.
Düzənlik, dağətəyi və dağlıq zonalardan ibarət olan rayonun torpaqları şabalıdı, tünd şabalıdı, dağ boz-qəhvəyi, qonur dağmeşə, çimli dağçəmən, açıq şabalıdıdır. Əkinə yaralı torpaqlardan pambıqçılıq, taxıçılıq və heyvandarlığın inkişafında istifadə olunur. Əsas bitki örtyü yovşanlı və yovşanlı-şoranotlu yarımsəhra və çöl bitkilərindən, alp və kollu və seyrəkmeşəli çəmənlərdən, qayalıq və ovuntu bitkilərindən ibarətdir. Meşə zolaqlarının ümumi sahəsi 10 min ha yaxındır. Meşələr enliyarpaqlı palıd, vəsəl, fıstıq, göyrüş, yemişan, qoz kimi ağac növləri, kəklikotu, itburnu, sarıçiçək, qantəpər kimi dərman bitkiləri ilə zəngindir. Qədim zamanlardan həmin bitkilərdən yerli əhali müxtəlif xəstəliklərin müalicəsində istifadə etmişdir.
Rayon ərazisində canavar, tülkü, çaqqal, bozdovşan, turac, çölsiçanı, dovdaq, bəzgək, jenot, ceyran, cüyür, daşlıq dələsi, meşə pişiyi, ayı, meşə sülöysini, qırmızıquyruq qum siçanı, kürzə kimi canlılar vardır. 1961-ci ilin noyabrında rayon ərazisindəki nadir heyvan və quş növlərini (ceyran, dovşan, kəklik, turac və s.) qorumaq üçün ümumi sahəsi 15000 ha olan korçay dövlət yasaqlığı yaradılmışdır. 2007-ci ildə yasaqlığın bazasında Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Keçidlər