Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunlar

Dövlət qulluğu haqqında AR qanunu

Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR Qanunu

 

Dövlət qulluğu haqqında AR qanunu
 

I fəsil.
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun məqsədi
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

Maddə 2. Dövlət qulluğu
2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.

2.3. Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.

2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.

2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin qulluğu ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

2.6. Bu qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda dövlət qulluğunda çalışan şəxslərə müvafiq qanunlarla nəzərdə tutulmuş təminatlar «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az olduqda, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir.

Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri
3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;

3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.

Maddə 4. Dövlət qulluğunun prinsipləri
4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. qanunçuluq;

4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;

4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;

4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;

4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna girmənin şəffaflığı;

4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında girməsi;

4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;

4.1.9. irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;

4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası;

4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;

4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.

4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.

4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.

Maddə 5. Dövlət qulluğunu idarəetmə orqanları
5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.

5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.

Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik
Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.


II fəsil
DÖVLƏT ORQANLARI

Maddə 7. Dövlət orqanı anlayışı
7.1. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.

7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

Maddə 8. Dövlət orqanlarının təsnifatı
8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünürlər:

8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən orqanlar, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);

8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən yuxarı dövlət orqanı və Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı—müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi (2-ci kateqoriya dövlət orqanları);

8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən dövlət orqanları, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi (3-cü kateqoriya dövlət orqanları);

8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunla müəyyən edilən dövlət orqanları—Azərbaycan Respublikası Hesablama Palatasının Aparatı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (4-cü kateqoriya dövlət orqanları);

8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları, o cümlədən müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Milli Televiziya və Radio Şurasının Aparatı (5-ci kateqoriya dövlət orqanları);

8.1.6. Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı (6-cı kateqoriya dövlət orqanları);

8.1.7. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri, onların yanında, tabeliyində olan regional orqanları, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanları, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq qanunla müəyyən edilən dövlət orqanları—rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr və yerli iqtisad məhkəmələri (7-ci kateqoriya dövlət orqanları).

8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrə bölünür (1-ci — 7-ci kateqoriya dövlət orqanlarının bölmələri).

8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin muvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu qanun əsasında müəyyən edilir.

III fəsil
DÖVLƏT QULLUĞU VƏZİFƏSİ

Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı
Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutuan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.

Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı
10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.

10.2. Siyasi vəzifələr 1-ci kateqoriya dövlət orqanları rəhbərlərinin, rəhbərlərin birinci müavinlərinin və müavinlərinin, 2-ci kateqoriya dövlət orqanları rəhbərlərinin vəzifələridir. Siyasi vəzifəyə dövlət qulluqçuları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətə qanunvericilik və icra hakimiyyəti orqanlarının qərarı ilə təyin edilir və ya seçilirlər.

10.3. Dövlət qulluqçuları siyasi vəzifəyə təyin ediləndən və ya seçiləndən sonra özlərinə müşavir, köməkçi və katib işə götürə bilərlər.

10.4. Siyasi vəzifələri tutan şəxslərn hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunun qüvvəsi onlara şamil edilmir.

10.5. İnzibati vəzifələr 1-ci — 7-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir, İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

10.6. Yardımçı vəzifələr 1-ci — 7-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

Maddə 11. İnzibati və yardımçı vəzifələrin təsnifatı
11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatı vardır:

11.1.1. inzibati vəzifələrin birinci təsnifatı — 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və işlər müdirlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifələri;

11.1.2. inzibati vəzifələrin ikinci təsnifatı — Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında təmin edən dövlət qulluqçularının vəzifələri, 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;

11.1.3. inzibati vəzifələrin üçüncü təsnifatı — 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 1-ci kateqoriya dövlət orqanları işlər müdirləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;

11.1.4. inzibati vəzifələrin dördüncü təsnifatı — 1-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 4-cü və 5-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanı — Bakı şəhər icra hakimiyyəti başçısının müavinlərinin vəzifələri;

11.1.5. inzibati vəzifələrin beşinci təsnifatı — 2-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 4-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 5-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya — yerli icra hakimiyyəti orqanları başçılarının, müavinlərinin vəzifələri;

11.1.6. inzibati vəzifələrin altıncı təsnifatı — 3-cü, 4-cü və 5-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;

11.1.7. inzibati vəzifələrin yeddinci təsnifatı — 6-cı kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanlarının mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının bölmə rəhbərlərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri;

11.1.8. inzibati vəzifələrin səkkizinci təsnifatı 7-ci kateqoriya dövlət orqanlarının — mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları rəhbərləri müavinlərinin vəzifələri, yerli icra hakimiyyəti orqanları bölmə rəhbərləri müavinlərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqan rəhbərləri müavinlərinin vəzifələri;

11.1.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı — 7-ci kateqoriya dövlət orqanlarının — mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanları bölmə mütəxəssislərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələrinin vəzifələri, rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr və yerli iqtisad məhkəmələri aparatlarının mütəxəssislərinin vəzifələri.

11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatı vardır:

11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı — 1-ci və 2-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı — 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı — 3-cü və 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı — 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.5. yardımçı vəzifələrin beşinci təsnifatı — 5-ci və 6-cı kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.6. yardımçı vəzifələrin altıncı təsnifatı — 6-cı və 7-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.

11.3. Bu Qanunun 11.1-ci maddəsində göstərilən inzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi (o cümlədən, həmin vəzifə üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət orqanında azı yeddi illik qulluq stajı və müvafiq vəzifədə azı üç illik qulluq stajı olmalı, dördüncü-yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş illik qulluq stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Bu maddənin birinci cümləsində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Üçüncü təsnifat vəzifələrində çalışan dövlət qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin şəxslərin uyğun dövlət orqanlarında azı on illik qulluq stajı, müvafiq vəzifədə isə azı beş illik qulluq stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.

11.4. Dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri 1-7-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.

Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd:

1. 11.3-cü maddənin müvafiq olaraq 1-ci cümləsində «dövlət orqanı» və dördüncü cümləsində «uyğun dövlət orqanlarında» dedikdə, dövlət qulluqçusunun hazırda işlədiyi (vəzifə tutduğu) dövlət orqanı, habelə dövlət qulluqçusunun bir təsnifat daxilində bərabər statuslu vəzifəyə keçdiyi həmin təsnifata daxil olan dövlət orqanı nəzərdə tutulur.

2. 11.3-cü maddənin müvafiq olaraq birinci və üçüncü cümlələrində «müvafiq vəzifədə» dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.

3. 11-ci maddədə «dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)» dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.

Maddə 12. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu
12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir.

12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri
13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.

13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.

13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin müvafiq orta təhsili olmalıdır. Həmin şəxsin başqa orta təhsili və ya ümumi orta təhsili olduqda, o, hazırlığını dəyişdirib iddiasında olduğu yardımçı vəzifənin profilini öyrənməlidir.

13.4. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir.

IV fəsil
DÖVLƏT QULLUQÇUSU

Maddə 14. Dövlət qulluqçusu
14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

14.2. Siyasi və ya inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.

14.3. Deputatlar və hakimlər dövlət qulluqçuları sayılmırlar.

Maddə 15. Dövlət qulluqçusunun andı
15.1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

15.2. Vətəndaş dövlət qulluğuna daxil olarkən belə bir and içir:

«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».

15.3. Andiçmə təntəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

15.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni dövlət qulluqçusunun şəxsi işində saxlanılır.

15.5. Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.

15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.

Maddə 16. Dövlət qulluqçularının ixtisas dərəcələri
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, onun tuta bildiyi dövlət qulluğu növlərinin və dövlət vəzifələrinin təsnifat siyahısını müəyyənləşdirir, dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.

16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:

16.2.1. inzibati vəzifələrin birinci təsnifatı üzrə — həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;

16.2.2. inzibati vəzifələrin ikinci təsnifatı üzrə — 1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri;

16.2.3. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə — 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri və dövlət qulluğunun müşaviri;

16.2.4. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə — dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;

16.2.5. inzibati vəzifələrin beşinci təsnifatı üzrə — dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;

16.2.6. inzibati vəzifələrin altıncı təsnifatı üzrə — dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu;

16.2.7. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə — 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;

16.2.8. inzibati vəzifələrin səkkizinci təsnifatı üzrə — 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu;

16.2.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı üzrə — 3-cü dərəcə dövlət qulluqçusu, kiçik dövlət qulluqçusu.

16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:

16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə — dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti;

16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə — dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti;

16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə — dövlət quluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti;

16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə — dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti;

16.3.5. yardımçı vəzifələrin beşinci təsnifatı üzrə — dövlət qulluğunun 3-cü dərəcə referenti, dövlət qulluğunun kiçik referenti;

16.3.6. yardımçı vəzifələrin altıncı təsnifatı üzrə — dövlət qulluğunun kiçik referenti.

Maddə 17. İxtisas dərəcələrinin verilməsi
17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq surətdə dövlət qulluqçusunun ixtisasına, tutduğu vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

17.2. Bu Qanunun 16-cı maddəsində müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

17.2.1. dördüncü — altıncı təsnifat vəzifələri üçün — həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 3 il təşkil etməlidir;

17.2.2. yeddinci — doqquzuncu təsnifat vəzifələri üçün — həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

Bu Qanunun 16-cı maddəsində müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

§ birinci — üçüncü təsnifat vəzifələri üçün — həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir.

17.3. Dövlət qulluğunun kiçik referentindən dövlət qulluğunun baş müşavirinədək ixtisas dərəcələri dövlət qulluqçusunun şəxsi ərizəsi əsasında verilir. Ərizəyə ixtisas dərəcəsi xahiş edilən ixtisas dərəcəsindən aşağı olmayan iki dövlət qulluqçusunun zəmanətləri, habelə iddiaçının təhsilini təsdiq edən sənədlər və onun xidməti vərəqəsi əlavə edilir.

17.4. İxtisas dərəcələrinin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

17.5. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.

17.6. Bu Qanunun 25.2.6-cı və 33.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi bütün hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.

Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:

18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;

18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;

18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;

18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan, istefaya və ya pensiyaya getdikdən sonra da saxlamalı;

18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;

18.0.9. qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli;

18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli;

18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;

18.0.12. etik davranış qaydalarına əməl etməlidir.

Maddə 19. Dövlət qulluqçusunun əsas hüquqları
19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:

19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;

19.0.2. dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;
19.0.3. dövlət maaşı almaq;

19.0.4. ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq;

19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq;

19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;

19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti təhqiqat aparılmasını tələb etmək;

19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
19.0.10. həmkarlar ittifaqlarında birləşmək;

19.0.11. işlədiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;

19.0.12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;

19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;

19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər), özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər
20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:

20.1.1. dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa;

20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa;

20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;

20.1.4. istefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;

20.1.5. işlədiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;

20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;

20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.

20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.

20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq etdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.

Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar
21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:

21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;
21.1.2. lazımi qulluq şəraiti;
21.1.3. haqqı ödənilən məzuniyyət;

21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
21.1.5. təkrar hazırlıq və ixtisasartırma;

21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya başqa dövlət orqanında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;

21.1.7. pensiya təminatı və dövlət sosial sığortası;

21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;

21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;

21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

21.2. Dövlət qulluqçusu sosial sığorta və məşğulluq fondlarına ödənişlərdən azaddır.

21.3. Dövlət qulluqçusu bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə bilər.

21.4. Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir.

21.5. Yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.

Maddə 22. Dövlət məvacibi
22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır.

22.2. Dövlət məvacibi vəzifə maaşındın, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.

22.3. İnzibati vəzifələrin 9-cu təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin 6-cı təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir. Hər sonrakı təsnifatın vəzifə maaşı əvvəlkindən qanunvericiliklə müəyyən edilmiş faiz miqdarında yuxarı olmalıdır. Hər kəs dövlət qulluğu vəzifəsinə təyin edilərkən onun vəzifə maaşının müəyyən edilməsi haqqında qərar qəbul olunur.

22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.

22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.

22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.

22.7. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericilikdə müəyyən edilmiş qaydada artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir. Bu maddə Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.

22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.

Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı
23.1. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.

23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.

23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.

23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.

23.5. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir.

Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması
24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.

24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən edilir.

Maddə 25. Dövlət qulluqçularının məsuliyyəti
25.1. Dövlət qulluqçularına həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımi şəkildə yerinə yetirilməməsi, həmçinin bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.

25.2. Dövlət qulluqçuları bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan tələbləri pozarlarsa, onlara qarşı aşağıdakı intizam tənbeh tədbirləri tətbiq oluna bilər:
25.2.1. töhmət;

25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

25.2.3. həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi;
25.2.4. daha aşağı dərəcəli işə keçirilməsi;
25.2.5. ixtisas dərəcəsinin aşağı salınması;
25.2.6. ixtisas dərəcəsindən məhrum edilməsi;
25.2.7. dövlət qulluğundan azad edilməsi.

25.3. Bu Qanunun 25.2.4-cü, 25.2.5-ci, 25.2.6-cı və 25.2.7-ci maddələrində göstərilən intizam tənbeh növləri müvafiq dövlət qulluğunu idarəetmə orqanının razılığı ilə dövlət qulluqçusunun işlədiyi dövlət orqanının rəhbəri tərəfindən tətbiq olunur.

25.4. Tətbiq olunmuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün 7 gün ərzində