Şriftin ölçüsü :

Saytın rəngi :

Milli və Vətən Müharibəsi Qəhrəmanlarımız

Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlmişdir. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Azneft birliyinin Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir. Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak etmişdir. Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində  xidmətləri olmuşdur.
 Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarxili 6 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.  Ailəlidir. Bir övladı var. 26.10.2022-ci il tarixdə vəfat etmişdir.

Həsənov Məhəmməd Ələsgər oğlu 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunmuşdur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçmişdir. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirmiş, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdir. 2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləmiş və hal-hazırda təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışıb.
Ailəlidir, dörd övladı var. 9 noyabr 2020-ci ildə avtomobil qəzasına düşmüş və 18 noyabr 2020-ci il tarixində vəfat etmişdir.

Əliyev Yunis Əsgər oğlu 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdır.
1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmış,erməni ordusuna qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdur. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün "Yaltaxıl" adlı əməliyyat planı hazırlamış,həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olmuşdur. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Yunis Əliyev 1992-ci il iyunun 16-da Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır.

Hacıyev Fikrət Əli oğlu 19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuşdur. 1978-ci ildə səkkizinsi sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurmuşdur. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanaraq. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak etmiş,Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Subay idi.

Fərəcov Ənvər Səyyad oğlu 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirmiş və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1981-ci ildə işhəyatına daxili işlər orqanlarında başlayır. 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. 18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edir. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 14 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi.Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə qəhrəmancasına həlak olur Goranboy rayonunun Sarov kəndində dəfn edilib,  Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür. Goranboy rayonunda dəfn edilmişdir.  Haqqında Zamin Məmmədov “Vətənə dönənim” adlı film çəkmişdir. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş olunmuşdur. Ailəli idi. ar Bir oğlu, bir qızı yadigar qalıb.

Ocaqverdiyev Sərxan Surxay oğlu 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan təxris olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur. 1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü 5 May 1992-ci ildə olmuşdur. Nişanlı idi. Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.

 

Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər bir şeydən uca tutduğu peşəsini arxada qoyaraq çəbhə bölgəsinə yollandı. Yalnız Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı. Kazımağa Kərimova ölümündən bir həftə sonra,Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi Kazımağa Kərimovun adının əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən onun adına Bakı şəhərində küçə verilmişdir. Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Evli idi, yadigar bir oğlu qalıb.

Aslanov Niyazi Şərəfxan oğlu 25 dekabr 1960-cı ildə Goranboy rayonunda anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi. Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarırdı. Onlar nasaz vəziyyətdə iki tankı təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alırlar. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşlar. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir. Buradakı kənd orta məktəbi onun adını daşıyır  Ailəli idi, iki oğlu həyatda yadigar qalıb.

Nəcəfov Yunis İsa oğlu 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başladı. 1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis "N" saylı bölüyə komandir təyin edildi. Yunis bir neçə şəhər və rayonlarda şərəfli döyüş yolu keçmişdir. O, Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənmişdi. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilir. Lakin Laçın və Şuşa erməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib. Subay idi.

 

Həsənov Saleh Valeh oğlu 3 iyun 1986-cı ildə Goranboy rayonun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova “ Vətən Müharibəsi Qəhrəmanı “  adı verildi. Bundan başqa O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən  “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Keçidlər