Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində " “Ağ qızıl”ın üzağardan vaxtıdır " başlıqlı məqalə dərc edildi.

26 noyabr 2021 | 01:00

Pambıqçılıq ölkəmizdə qədim ənənələrə malikdir. Ötən əsrin 80-ci illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə sürətli inkişafa nail olunmuş, nəticədə ölkə üzrə 1 milyon tona yaxın pambıq istehsal edilmişdir. Qazanılan uğurlar respublikamızda kənd təsərrüfatının sürətli inkişafına səbəb olmuşdur ki, bu da insanların rifah halının yüksəlməsini təmin etmişdir.

Bu gəlirli sahənin dirçəldilməsi isə İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısı kənd təsərrüfatının müxtəlif sahələrində yaranan problemlərin, o cümlədən pambıqçılığın diqqətdən kənarda qalmasının konkret səbəblərini izah edərək onun yenidən inkişaf yollarını göstərərək qarşıya mühüm tələblər qoymuş və bununla keçmiş pambıqçılıq rayonlarında canlanma əmələ gəlmişdir.

Goranboyda da pambıqçılığın inkişafı istiqamətində əsaslı dönüş yaranmışdır. Rayona gedərkən yolboyu inşanların hələ də pambıq tarlalarında məhsul topladığının şahidi olduq. Pambıqçılar havaların əlverişli keçməsindən istifadə edərək pambığı son qozasınadək toplamağa çalışırdılar.

Öyrəndik ki, rayon üzrə 2647 hektarda pambıq əkilmiş, bol məhsul götürmək üçün sahələrdə pambığa yüksək aqrotexniki qaydada qulluq olunmuşdur. İndiyədək 6,6 min tondan çox pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilmişdir. Məhsulun 6,3 min tonu kombaynlarla, qalanı isə əl ilə yığılmışdır.

Goranboyun demək olar ki, bütün kəndlərində pambıq əkilir. Xan Qərvənd, Qırıxlı, Əzizbəyov, Quşçular, Faxralı, Səmədabad, Qızılhacılı və digər kəndlərdə bol məhsul yetişdirilmişdir. Xan Qərvənd kəndində 199, Qızılhacılı qəsəbəsində isə 347,5 hektarda pambıq əkilmişdir.

Hazırda Goranboyda böyük pambıq istehsalçıları fəaliyyət göstərirlər. Onlardan biri də “MKT-İK” MMC-dir. Öyrəndik ki, MMC 28 kənddə 361 nəfərlə müqavilə bağlayaraq 1479 hektarda pambıq əkmişdir. Bu günədək hər hektardan 26 sentner olmaqla 3805 ton məhsul yığılmışdır. Müəssisədə qabaqcıl texnologiyalardan istifadə olunur. Texnika sarıdan heç bir çətinlik yoxdur. MMC-nin 7 kombaynı, 2 becərmə traktoru, 4 şum traktoru, 5 dərmansəpən aqreqatı var. Yetişdirilmiş məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələr səfərbərliyə alınmışdır.

Goranboyda pambıqçılıq sahəsində uğur qazanan şirkətlərdən biri də “Azər Pambıq” ASC-dir. Hər il olduğu kimi, bu il də şirkətin kollektivi yüksək göstəriciyə nail olub. 30 kənddə 220 nəfərlə müqavilə bağlayan şirkət 1000 hektarda pambıq yetişdirmişdir. Bu günədək orta məhsuldarlıq 24,5 sentner olmaqla 2,4 min tondan çox pambıq təhvil verilmişdir. Hazırda yığım davam edir.

Rayonda pambıq əkən şirkətlərdən biri də “Goran COTTON” MMC-dir. MMC 18 kənddə 50 nəfərlə müqavilə bağlayaraq 173 hektarda pambıq yetişdirmişdir. Bu günədək 360 tondan çox pambıq toplanmışdır.

Şirkətin fəaliyyətində Dəliməmmədli şəhərindəki pambıq istehsalı və emalı müəssisəsinin böyük rolu var. Müəssisə 3 ildir ki, fəaliyyət göstərir. Burada aparılan geniş yenidənqurma işləri imkan verir ki, yığılmış pambıq vaxtında emal olunsun. Hazırda məntəqədə 60 nəfərədək işçi çalışır. Onlar məntəqəyə gətirilmiş pambığın yüksək keyfiyyətlə emal olunmasına diqqətlə yanaşırlar. Kipə vurulmuş pambıq əsasən İsveçrəyə, Türkiyəyə, Çinə və digər ölkələrə göndərilir. Artıq builki pambığın həmin ölkələrə ixrac edilməsi üçün müqavilələr də bağlanmışdır.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər