Xalq qəzetində " Goranboyda taxıl biçini başlayıb " başlıqlı məqalə dərc edilib.
11 iyun 2022 | 09:08
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı elə bir tarla, zəmi yoxdur ki, ora baş çəkməsin, kombaynçının, yer şumlayanın, torpaq suvaranın əllərini sıxmasın. Bax, bu yanaşmanın nəticəsidir ki, son illər Goranboyda adamlar bol məhsul götürməyə başlayıblar. Bütün sahələr inkişaf edir.
Bu günlərdə Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birlikdə Muzdurlar kəndində taxıl zəmisində aparılan biçin işləri ilə yenə yerində tanış oldu. Məhsulun bolluğunu, keyfiyyətini öz əlləri ilə yoxladı. Hiss etdi ki, taxılçılar yenə bol məhsul əldə edəcəklər.
Qeyd edək ki, rayonda cari təsərrüfat ilində 23 min 955 hektar sahədə taxıl, o cümlədən 15 min 998 hektar sahədə arpa, 7957 hektar sahədə buğda əkilmişdir. Rayon icra hakimiyyəti əlaqədar təşkilatlarla birgə bu sahədə çalışan adamlara ilboyu diqqət və qayğı göstərmiş, onların problemlərinin həllində yardımçı olmuşdur.