Xalq qəzetində " Goranboy: yeni hospitalda 232 nəfər işlə təmin olunacaq " başlıqlı məqalə dərc edildi.
Son illər Goranboyda tikinti-quruculuq işləri geniş vüsət alıb. Goranboy şəhərində cari ilin mart ayında təməli qoyulan və hazırda tikinti işləri davam etdirilən “Medlife Hospital” da bu işlərin sırasındadır.
Hazırda burada inşaat işləri ilə 40 nəfərə yaxın adam məşğul olur. Obyektin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, 232 nəfərin işlə təmin olunacağı hospitalda ambulator stasionar, cərrahi, doğuş və təcili yardım sahələri olacaq. Ambulator xidmətlər üzrə ginekologiya, travmotologiya, lor, oftalmologiya, hər cür laborator müayinələr, o cümlədən ultrasəs müayinələri və radiologiya fəaliyyət göstərəcək.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti müvafiq xidmət sahələrinin rəhbərləri, yerli sahibkarlar və iş icraçıları ilə birlikdə obyektdə işin gedişi ilə yerində tanış olub. İcra hakimiyyətinin başçısı tikinti işlərinin təqdim olunan tikinti-layihə sənədlərinə və şəhər memarlıq üslubuna uyğun aparılması, binanın kommunikasiya təhcizatı, o cümlədən elektrik enerjisi, təbii qaz, rabitə, su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı müzakirələr aparıb, bununla bağlı tapşırıqlarını vermiş, tövsiyələrini bildirib.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri