Goranboyda İcra Başçısı 232 nəfərin işlə təmin olunacağı Medlife Hospitalın tikinti işləri ilə yerində tanış oldu.
Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar sahibkarlığın inkişafı üçün geniş imkanlar yaratmışdır. Dövlət Başçısının bu istiqamətdə həyata keçirdiyi sosial-iqtisadi siyasətə və həyata keçirilən əsaslı işlərə uyğun olaraq, Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühitin formalaşdırılmışdır. Məhz bunun nəticəsidir ki, son dövrlərdə rayonumuzda yerli iş adamları və digər sahibkarlar tərəfindən müasir istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamış, yeni obyektlərin inşa işləri isə davam etdirilir. Hazırda rayonumuzda tikinti, quruculuq işləri geniş vüsət almışdır. Bunlardan biri də Goranboy şəhərində cari ilin mart ayında təməli qoyulan və tikinti işləri davam etdirilən 232 nəfərin işlə təmin olunacağı Medlife Hospitaldır. Hazırda burada aparılan tikinti işlərində 40 nəfərə yaxın işçi qüvvəsi çalışır. Tikinti işlərinin cari ilin sonuna kimi başa çatdırılacağı nəzərdə tutulmuşdur. Hospitalda ambulator stasionar, cərrahi, doğuş və təcili yardım sahələrinin xidmət göstərməsi nəzərdə tutulub. Ambulator xidmətlər üzrə ginekologiya, travmotologiya, lor, oftalmologiya, bütün laborator müayinələr, hər növ ultrasəs müayinələri və radiologiya fəaliyyət göstərəcək.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun aidiyyəti xidmət sahələrinin rəhbərləri, yerli sahibkarlar və iş icraçıları ilə birgə aparılan tikinti işləri ilə yerində tanış oldu. İcra başçısı tikinti işlərinin təqdim olunan tikinti-layihə sənədlərinə və şəhər memarlıq üslubuna uyğun aparılması, binanın kommunal təhcizat, o cümlədən elektrik enerjisi, təbii qaz, rabitə, su və kanalizasiya təminatı ilə bağlı müzakirələr apardı, bununla bağlı tapşırıq və tövsiyyələrini bildirdi.