Zəfər tariximizi əks etdirən “44” filminin Şəhid ailələri üçün nümayişi təşkil olundu
8 Noyabr – Zəfər Günü münasibətilə Goranboy Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının birgə təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən “Cinema Plus” kinoteatrında Vətən müharibəsinə həsr olunmuş “44” bədii filminin Goranboy rayonundan olan şəhid ailələri üçün iki seansda nümayişi təşkil olundu. “44” bədii filmi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin şanlı tarixini, Azərbaycan xalqının birlik və həmrəylik ruhunu, əsgər və zabitlərimizin qəhrəmanlığını, eləcə də torpaqlarımızın azadlığı uğrunda göstərilən fədakarlığı özündə əks etdirir. Ekran əsəri müharibənin çətinliklərini, xalqımızın əzmini və Zəfərə gedən yolu tamaşaçılara çatdırır. Filmdə əks olunan qəhrəmanlıq səhnələri Vətən uğrunda canından keçən şəhidlərimizin şücaətini bir daha xatırladıb. Şəhid ailələrinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin filmin ərsəyə gəlməsinə dəstək göstərən Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirdilər.








