Yuxarı Ağcakənd qəsəbəsində gips daşının çıxarılması məqsədi ilə fəaliyyət göstərən müəssisələrin məsul işçiləri ilə maarifləndirici söhbət aparıldı
Goranboy rayon icra hakimiyyəti başçısının Yuxarı Ağcakənd qəsəbəsində keçirilən vətəndaşların səyyar qəbulu zamanı, sakinlər ərazilərdə gips daşının çıxarılması məqsədi ilə fəaliyyət göstərən müəssisələr tərəfindən yataqların nizamsız istismarı nəticəsində əmələ gələn yarğanların az miqdarda yağış yağdıqda əhaliyə ciddi ziyan vura biləcək sel təhlükəsi yaratdığını, külək zamanı bu yarğanlara yığılmış gips tozunun ətrafa yayıldığını, gips daşının çıxarılması məqsədi ilə ərazidə heç bir xəbərdarlıq olunmadan partlayış işlərinin həyata keçirildiyini və xammalın daşınmasında istifadə edilən böyük tutumlu yük avtomobillərının normadan artıq yüklənərək, yolların tamamilə dağılmasını bildirmişlər. Bununla bağlı rayon İcra Hakimiyyətinin və FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin məsul işçiləri birgə ərazilərə yerində baxış keçirdilər. Baxış zamanı qeyd olunan ərazidə gips daşının çıxarılması məqsədi ilə fəaliyyət göstərən müəssisələrin məsul işçiləri ilə maarifləndirici söhbət aparıldı.








