Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının XI konfransı keçirildi

08 sentyabr 2026 | 10:37

Goranboy Rayon Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının XI konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub Ulu Öndərin əziz xatirəsi ehtiramla yad etdilər. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Milli Məclisin deputatları Bədəl Bədəlov və Müşfiq Cəfərov rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və təşkilatın üzvlərinin iştirak etdiyi konfrans öz işinə Ümumilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla başladı. Konfransda çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, ötən illər ərzində böyük və şərəfli inkişaf yolu keçərək Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildiyini qeyd etdi. Bildirdi ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan son illər ərzində mühüm sosial-iqtisadi və siyasi nailiyyətlər əldə edib. Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, regionların davamlı inkişafının təmin olunması, əhalinin sosial rifahının yüksəldilməsi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfə verib. Dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha da möhkəmlənib, ölkəmizin nüfuzu və etibarlı tərəfdaş kimi rolu əhəmiyyətli dərəcədə artıb. Əldə olunan bütün uğurların təməlində ölkədə hökm sürən siyasi sabitlik, xalq-iqtidar birliyi, milli həmrəylik və uzunmüddətli inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi dayanır. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov çıxış edərək Yeni Azərbaycan Partiyasının çoxillik fəaliyyəti, qarşıya qoyulan vəzifələr və rayon təşkilatlarının fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb, partiya təşkilatlarının yerlərdə ictimai-siyasi fəallığın artırılmasında, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsində və dövlət siyasətinin mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını bildirdi. Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövründə gördüyü işlər, həyata keçirilən tədbirlər, partiya üzvləri ilə aparılan işlər, ərazi partiya təşkilatlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verərək bildirdi ki, rayon təşkilatı tərəfindən partiyanın proqram və prinsiplərinə uyğun olaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilib, ictimai-siyasi əhəmiyyətli məsələlərin müzakirəsi aparılıb və partiya üzvlərinin fəallığının artırılması istiqamətində müvafiq işlər görülüb. Milli Məclisin deputatları Bədəl Bədəlov və Müşfiq Cəfərov çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, dövlətimizin inkişafı, regionların sosial-iqtisadi tərəqqisi və əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışdılar. Daha sonra konfransda partiya fəalları çıxış etdilər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan, rayon təşkilatının fəaliyyətindən və partiya üzvlərinin ictimai fəallığından danışaraq Prezident, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin mühüm nəticələr verdiyini qeyd edərək, partiya üzvlərinin dövlət siyasətinin dəstəklənməsi və təbliğində fəal iştirak etdiklərini bildirdilər. Konfrans çərçivəsində təşkilatın hesabat dövründə gördüyü işlər ətrafında müzakirələr aparılaraq, qarşıda duran vəzifələr müəyyənləşdirilib və müvafiq qərarlar qəbul edildi. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.

Keçidlər