Şriftin ölçüsü :

Saytın rəngi :

Xəstə yatağında olan Milli Qəhrəman Kəlbəcərə getmək istəyir

21 iyul 2022 | 12:29
Qəhrəmanın durumu haqqında qızı Gülxanım Abdullayeva məlumat verib. O qeyd edib ki, hazırda Maşallah Abdullayevin vəziyyəti stabildir:
"Atam əvvəllər böyrək çatışmazlığından əziyyət çəkirdi. İndi isə mədə problemi yaranıb. Mədəsində əmələ gələn yaranın götürülməsi üçün Milli Onkologiya Mərkəzinə müraciət etdik. Bizi yüksək səviyyədə qarşıladılar, burada ayın 15-də əməliyyat olundu. Vəziyyəti stabildir, heç gözləmirdik ki, belə tez özünə gəlsin.
Həkimlərimiz, Mərkəzin rəhbəri Azad Kərimli, Goranboyun icra başçısı Məhərrəm Quliyev, deputatımız Ağalar Vəliyev və digər şəxslər ziyarət etdilər, həkim kollektivinə xüsusi tapşırıqlar verdilər.
Əməliyyatın və müalicənin xərcləri isə dövlət tərəfindən qarşılandı. İcra başçısı Məhərrəm Quliyev və deputat Ağalar Vəliyev maddi dəstək oldular. Çox şükür ki, atam həyatdadır. Əmin olun ki, Azərbaycan öz Milli Qəhrəmanına diqqət və qayğı göstərir. Hər şeyə görə minnətdarıq".
Gülxanım Abdullayeva deyib ki, Milli Qəhrəman hələ ən böyük arzusunu yerinə yetirə bilməyib. Buna görə Allahdan ömür diləyir:
"Azad olunmuş ərazilərə getmək atamın ən böyük arzusudur. Ən çox Kəlbəcərə getmək, İstisuda qurban kəsmək istəyir. Atam deyir ki, möhlət diləyirəm ki, Kəlbəcərə gedim. Allah ömür versin ki, onun bu arzusunu yerinə yetirək. Şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə şəfa diləyirik. Onların sayəsində doğma yurdumuza qovuşacağıq".
Qeyd edək ki, Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. Ağcakənd də daxil olmaqla bir neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olub və Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarxili 6 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Keçidlər