Şriftin ölçüsü :

Saytın rəngi :

"Xalq" qəzetində “Goranboyda YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib” başlıqlı məqalə dərc edildi

16 oktyabr 2026 | 09:47

Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayev, rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsindən, dövlət müstəqilliyimizin möhkəmləndirilməsindən və milli maraqlarımızın qətiyyətlə qorunmasından ətraflı bəhs edib. Məhərrəm Quliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə siyasi sabitlik təmin olunub, iqtisadiyyatın müxtəlif sahələrində mühüm irəliləyişlər əldə edilib, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Rayon rəhbəri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Partiyanın fəaliyyətinin əsasını dövlətçiliyə sədaqət, milli maraqların qorunması, xalqla dövlət arasında birliyin möhkəmləndirilməsi və Azərbaycanın davamlı inkişafına töhfə vermək təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin qarşısında yeni imkanlar açır və gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır. Məhərrəm Quliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərimizin qorunmasının, cəmiyyətin bütün təbəqələri arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, dövlətə və dövlətçiliyə sədaqət, qanunlara hörmət, ictimai məsuliyyət və vətəndaş həmrəyliyi Azərbaycanın gələcək inkişafının mühüm şərtlərindəndir. Tədbirdə çıxış edən Qurultay nümayəndəsi, rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov milli birliyin və ictimai həmrəyliyin qorunmasının əhəmiyyətindən danışıb. Azərbaycanın müstəqillik illərində qazandığı uğurların xalqın birliyi, dövlət rəhbərliyinin qətiyyətli siyasəti və cəmiyyətin ümumi məqsədlər ətrafında birləşməsi ilə sıx bağlı olduğunu vurğulayıb. Rəddin Məmmədov bildirib ki, ağsaqqallar cəmiyyətin mənəvi dayaqlarından biri kimi gənc nəslin düzgün istiqamətləndirilməsində, milli-mənəvi dəyərlərin yaşadılmasında və ailə institutunun möhkəmləndirilməsində mühüm rol oynayırlar. Gənclərə vətən sevgisinin aşılanması, tariximizin, mədəniyyətimizin və dövlətçilik ənənələrimizin təbliği, ağsaqqalların həyat təcrübəsindən səmərəli istifadə olunması cəmiyyətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultay nümayəndəsi, şəhid ailəsinin üzvü Rübabə İsmayılova çıxışında Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Onların Vətənimizin azadlığı və ərazi bütövlüyü naminə göstərdikləri fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq, xatirələri hər zaman ehtiramla yad ediləcək. Tədbirdə çıxış edən digər Qurultay nümayəndəsi Fuad Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsindən, milli maraqların qorunmasından və ölkədə aparılan quruculuq işlərindən danışıb. Fuad Vəliyev Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, partiyanın ictimai-siyasi fəaliyyətinin gücləndirilməsi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və gənclərin ictimai proseslərdə fəal iştirakının təmin edilməsi məsələlərinə toxunub. Bildirib ki, hər bir vətəndaş dövlətçilik prinsiplərinə sadiq qalmalı, ölkəmizin tərəqqisinə öz töhfəsini verməlidir. Gənc nəslin milli ruhda tərbiyəsi, şəhidlərimizin xatirəsinin uca tutulması, qazilərə və şəhid ailələrinə ehtiram göstərilməsi, tarixi ənənələrimizin qorunması mühüm vəzifələrdəndir. Sonda ölkəmizdə sabitliyin və inkişafın davamlılığının təmin edilməsi, milli birliyin qorunması, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

https://xalqqazeti.az/az/sosial-heyat/284905-goranboyda-yap-viii-qurultayina-hesr

Keçidlər