Xalq qəzetində " Goranboyda ilk möhtəşəm Xatirə-Abidə Kompleksi " başlıqlı məqalə dərc edilib.
Goranboyda şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yeni memarlıq-arxitektura layihəsi əsasında tamamilə yenidən qurulmuş Şəhidlər Xatirə-Abidə Kompleksinin açılışı mərasimi olmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Açılışda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək demişdir ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 2-ci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürmüş, şanlı zəfər qazanmış, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Rayon rəhbəri daha sonra əlavə etmişdir ki, cənab Prezident İlham Əliyev və hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial problemlərinin öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Goranboyda da əsaslı işlər görülür. Rayonda hamı bir nəfər kimi həm müharibədən əvvəl, həm də müharibə dövründə şəhidlərimizin dəfn və hüzn mərasimlərində həmrəylik nümayiş etdirmiş, şəhidlərin məzarları ad günlərində, il mərasimlərində ziyarət olunmuş, ailələri ilə müntəzəm əlaqə saxlanılmışdır.
Fərəhli hal kimi qeyd etməliyik ki, məhz 30 ildən sonra Tap Qaraqoyunlu kəndində ilk dəfə Qələbə sevincli əsl bayram tədbirinin keçirilməsi və bayram tonqalının alovlandırılması tarixi əlamətdar hadisə idi. Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə rayonumuzun yaşayış məntəqələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələri yaradılmış, əhidlər xiyabanlarında və məzarlıqlarda müntəzəm abadlıq, təmizlik, səliqə-səhman işləri aparılmışdır. Hazırda şəhid ailələrinin müraciətləri əsasında Xan Qərvənd kəndində Şəhidlər Xatirə Kompleksinin yenidən qurulması işləri görülür. Bu gün açılışını etdiyimiz Goranboy şəhəri Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələrimizin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilmişdir.
Tədbirdə çıxış edənlər – goranboylu Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, şəhid, Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva, şəhid ailəsi Rahinə Məmmədova, qazi Vüsal Rzayev və şəhid atası Hafiz Əhmədov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, kompleks Goranboyda ilk belə möhtəşəm Xatirə-Abidə Kompleksidir. Rayon icra hakimiyyəti başçısının xüsusi tapşırığı ilə kompleksin inşası zamanı şəhid ailələrinin fikir və təklifləri nəzərə alınmış, o cümlədən foto-güşələrin tərtibi onlarla razılaşdırılmışdır.
Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun büstünün açılış mərasimi də keçirilmişdir və burada şəhid övladları tərəfindən vətənpərvərlik mövzusunda şeir parçaları təqdim olunmuşdur.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri