Tap Qaraqoyunluda “Qərbi Azərbaycan” irsi kitabının təqdimatı keçirildi
Goranboy rayonunun Tap Qaraqoyunlu kənd Mədəniyyət evində “Qərbi Azərbaycan” irsi kitabının təqdimatı keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakmiyyəti başçısının müavini, inzibati ərazi dairəsi üzrə nümayəndə, kənd sakinləri və ziyalıları iştirak etdilər. Daha sonra Qərbi Azərbaycan ərazisində yerləşən qəbiristanlıqlara və tarixi abidələrə qarşı ermənilər tərəfindən törədilən vandallıq aktlarını əks etdirən videoçarx nümayiş etdirildi. Çıxış edən natiqlər layihənin təkcə elmi nəşr deyil, həm də mənəvi borcun təcəssümü olduğunu vurğuladılar. Qeyd edildi ki, Qərbi Azərbaycanda yaşamış soydaşlarımız illər boyu zorla didərgin salınıb, 1905-ci ildən 1988-ci ilə qədər mərhələ-mərhələ deportasiya olunublar. Qərbi Azərbaycan məsələsinin ölkənin siyasi prioritetlərindən biri olduğunu bildirən çıxışçılar, bu istiqamətdə aparılan işlərin Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğuladılar. Tədbirdə, həmçinin diqqətə çatdırıldı ki, məcburi köçkün və qaçqın düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışı Azərbaycan dövlətinin milli maraqlarına və beynəlxalq hüquq normalarına uyğundur. Bu məsələ Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir. Şanlı Zəfərdən sonra bu istiqamətdə tarixi proseslərin təməli qoyulub və xalqımız əmindir ki, dövlətimizin başçısının siyasi iradəsi sayəsində Qərbi Azərbaycana qayıdışın ədalətli həlli beynəlxalq səviyyədə təmin ediləcək.








