Qazanbulaq qəsəbəsinin içməli su problemi həll olunur
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Qazanbulaq qəsəbəsində içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə, yeni layihə icra edilir. Layihə çərçivəsində 7 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yenidən qurulur, əsas və daxili su boruları yenilənir. Layihənin icrası nəticəsində qəsəbədə 196 abonent fərdi qaydada dayanıqlı içməli su təchizatı ilə təmin ediləcək. Eyni zamanda su itkilərinin qarşısı alınaraq, sudan səmərəli və qənaətlə istifadə təmin ediləcək. Təmir-bərpa, yenidənqurma işləri “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsi tərəfindən həyata keçirilir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, aparılan işlərlə yerində tanış oldu, işlərin keyfiyyətlə aparılması və qəsəbənin içməli su probleminin əsaslı və operativ surətdə həlli ilə bağlı, aidiyyəti xidmət sahələrin rəhbərləri və iş icraçıları ilə müzakirələr apardı, müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.