Qafqazinfo.az saytında " Millət vəkilləri Goranboyda AFFA-nın tədbirində " başlıqlı məqalə dərc edildi.
AFFA-nın, Goranboy Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Goranboy rayonunda keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə millət vəkilləri - AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Arzu Nağıyev, Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak edib.
İlk öncə millət vəkilləri və icra başçısı rayon icra hakimiyyətinin inzibati binasında görüş keçirib. Daha sonra layihə çərçivəsində tədbirdə iştirak edən 60 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Görüşün sonunda gənc futbolçular və məşqçilərlə birgə simvolik oyun keçirilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və idmana maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.