ÖLMƏZ İGİDLƏRİMİZ
06 sentyabr 2022 | 12:31
Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə düşməni ağır məğlubiyyətə uğradan şəhidlərimiz heç vaxt unudulmayacaq, ürəklərdə əbədi yaşayacaqlar.
Goranboyda şəhidlərin məzarını ziyarət etmək, ad günlərinin qeyd edilməsi, adlarının əbədiləşdirilməsi və xatirələrinə bulaq inşa edilməsi artıq ənənə halını almışdır. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələri və qazilərlə birgə Qala çoxnövlü idman klubunun təşkilatçılığı ilə, şəhidlərimizin xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak edib. Mərasimdə çıxış edən RİH başçısı Məhərrəm Quliyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik siyasətinin nəticəsi, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına əldə olunan 44 günlük şanlı zəfərdən və ölkəmizdə dövlətin böyük dəstəyi ilə yüksək səviyyədə inkişaf edən idman sahəsində gənclərin uğurlu nailiyyətlərindən ətraflı söhbət açıb. Bütün şəhid ailələrinə təskinlik verərək bildirib ki, bu qəhrəmanlar bütün gənclərimizə örnəkdirlər. Onlarla qürur duyuruq. Rayon rəhbəri, şəhid ailələri və qazilərlə fərdi qaydada görüşərək, onların qayğıarı ilə maraqlandı. Və birmənalı bildirdi ki, dövlət həmişə onların yanındadır. Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Zabit XƏLİLOV,
"Respublika"