Milli Qəhrəman Maşallah Abdullayev dəfn edildi.
Goranboy rayonunun Kəpənəkçi kəndindən Azərbaycanın Milli Qəhrəmanı Abdullayev Maşallah Babakişi oğlu bu gün, ömrünün 72-ci ilində dünyasını dəyişdi və Goranboy şəhər qəbirstanlığında dəfn edildi. Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun bütün rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Abdullayev Maşallah Babakişi oğlu - 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub və Goranboyun, Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. Birinci Qarabağ Müharibəsindən sonra Maşallah Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy rayon Şurasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarxili 6 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. 1992-93-cü illərdə Goranboy RİH-nin başçısı vəzifəsində işləmişdir. Ailəli olmuşdur, bir övladı var. Qeyd edirik ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Maşallah Abdullayev Milli Onkologiya Mərkəzində əməliyyat edilmişdi.