İcra Başçısı və Deputat Vətən Müharibəsi Şəhidlərinin ailələri və Qazilərimizlə görüşdülər.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev seçki dairəsini əhatə edən Goranboy rayonunundan olan Vətən Müharibəsi Şəhidlərinin ailələri və Qazilərimizlə görüşdülər.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında Rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılmış və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 Günlük Şanlı Vətən Müharibəsi zamanı bütün goranboyluların da, 1-ci Qarabağ savaşında olduğu kimi, qəhrəmancasına döyüşdüklərini, 53 hərbiçi və 3 mülki olmaqla, 56 nəfər goranboylunun Şəhidlik zirvəsinə ucaldığını, 63 nəfərin müxtəlif dərəcəli fiziki sağlamlığını itirdiyini və yüzlərlə Qazimizin olduğunu qeyd edən İcra Başçısı və Deputat hazırda Qarabağda genişmiqyaslı və əsaslı yenidənqurma, tikinti və bərpa işlərinin həyata keçirildiyini, ümumilikdə işğaldan azad edilmiş torpaqlarımızın yenidən və tam müasir formada qurulduğunu bildirdilər.
Şəhid ailələri, Möhtərəm Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlərin görüldüyünü vurğulayaraq cənab Prezidentə və Mehriban xanıma minnətdarlıqlarını bildirdilər.
Tədbir çərçivəsində, bir daha Şəhid ailələri və Qazilərimizin sosial qayğıları ilə maraqlanıldı, Şəhid ailələrinə maddi köməklik göstərildi.