İcra başçısı goranboylu gənc xanəndə ilə görüşdü
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev müxtəlif muğam müsabiqələrində iştirak etmiş gənc xanəndə Rəvan Ağayevlə görüşdü. Rəvan Xan Qərvənd kənd uşaq musiqi məktəbinin IV sinif şagirdidir. O, 2024-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin təşkil etdiyi Respublika muğam müsabiqəsində nümuməvi iştirakına görə Fəxri Fərmanla təltif olunmuş, 2025-ci ilin aprel ayında Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü ilə bağlı keçirilən Respublika Muğam müsabiqəsində rayonumuzu təmsil etmişdir. Gənc xanəndə həmçinin Azərbaycan Televiziyasında yayımlanan IX Respublika Muğam müsabiqəsinin iştirakcısıdır. Xanəndəlik sənətinin dünya musiqisinin incisi olduğunu vurğulayan icra başçısı ətraflı çıxış edərək Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bu sənətin qorunmasına, inkişafına və təbliğinə xüsusi diqqət və qayğı göstərildiyini bildirdi. Həmçinin qeyd etdi ki, məhz Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin, muğam sənətimizin inkişafı ilə bağlı göstərdiyi şəxsi səy və əzmin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. 30 ildən sonra yenidən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" festivalında səsləndirilən Azərbaycan muğamlarının sədasının bütün Qarabağa, Azərbaycana, dünyaya səs salmasının qürur verici tarixi bir hadisə olduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı. Tədbirin sonunda gənc xanəndəyə və müəlliminə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr verildi.








