Hünər və şücaət nümunəsi
Bu gün Azərbaycan xalqı öz tarixinin ən qürurverici və şanlı, şərəfli səhifələrindən birini yaşayır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad edildi. Bəli, 44 günlük müqəddəs Vətən savaşında qəhrəman oğullarımız günlərlə soyuq səngərlərdə ölümlə burun-buruna dayanaraq, canlarıyla sipər oldular ana torpağa…
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sücaət göstərən, qəhrəmancasına şəhid olan Yəhərçi-Qazaxlar kənd sakini Vətən müharibəsi şəhidi Alıyev Laçın Rasim oğlunun evində oldu, ailə üzvləri ilə görüşdü. Şəhid Alıyev Laçın Rasim oğlu Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda ordumuzun həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış əks-hücüm əməliyyatı zamanı goranboyluların da, o cümlədən Laçın Alıyevin qəhrəmancasına döyüşdüyünü vurğulayan rayon rəhbəri şəhidimizin əziz xatirəsini ehtiramla andı. Şəhid ailəsinin sosial qayğılarının həlli ilə bağlı müzakirələr apardı. Şəhid anası Məlahət Cavadova, şəhid ailələri və qazilərin sosial qayğılarının həlli ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən əsaslı işlərə və göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Zabit XƏLİLOV,
"Respublika".