Heydər Əliyev - Müasir və Müstəqil Azərbaycanın memarı.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev - Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan Siyasi Dövlət İdarəçiliyi Sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisidir. O, Azərbaycan xalqının müasir dövlətçilik tarixində böyük yeniliklərə imza atmış Ümummilli Lideridir.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Ötən əsrin 90-cı illərində, dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.
Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycan etnosu və coğrafiyası ilə bağlı deyil. O, bütün Sovet xalqları müstəvisində, xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış böyük şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də bu olmalıdır.
Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi və Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Heydər Əliyevin milli təhlükəsizlik orqanlarına rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından Antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biridir. Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Bu istiqamətdə atılan ilk addımın ilkin nəticəsi isə, məhz, Bakı şəhərinin azərbaycanlılaşdırılması oldu.
Başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, Ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır. Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi, məhz, Ulu öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də qərinələr, yüzillər aparır. Amma Ulu öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu.
Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca, O da yaşayacaqdır.
Rübabə İsmayılova – Şəhid, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı
Goranboy rayon, Tap Qaraqoyunlu kənd sakini