Goranboyun Sənaye sektorunda 2022-ci ildə əldə edilmiş nailiyyətlər:
İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir. Son illərdə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində sənayeləşmə prosesi daha da sürətlənmişdir. Düşünülmüş neft-qaz strategiyasının reallaşdırılması ölkənin dayanıqlı maliyyə resurslarının formalaşmasına və bununla da mövcud sənaye potensialından səmərəli istifadə imkanlarının genişləndirilməsinə şərait yaratmışdır.
Həmçinin, ölkədə sənaye sahəsində gedən inkişaf rayonumuzda da öz təsirini göstərir. 2022-ci ildə sənaye müəssisələri, həmçinin sənaye fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 2017-ci illə müqayisədə 2,9 dəfə çox, yəni 34148700 manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
İstehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin 12192900 manatı və ya 35,7 faizi emal, 5206300 manatı və ya 15,2 faizi mədənçıxarma, 15427300 manatı və ya 45,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1322200 manatı və ya 3,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrinin payına düşür.
Sənayedə qeyri dövlət sektorunun payı 51,0 faiz olmuşdur. Ümumi istehsalın 51,1 faizi sənaye məhsullarının istehsalı, 48,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.