Goranboyun Şadılı kəndində 160 illik tarixi olan su dəyirmanı fəaliyyət göstərir.
Goranboy rayonunun Şadılı kəndində, dövrünün sayılıb seçilən şəxslərindən olan Şadılı İsgəndərə məxsus və 160 illik tarixi olan su dəyirmanını hazırda onun nəvələri işlədir. Kürəkçaydan ayrılan suyun işə saldığı dəyirman 50 kiloqram buğdanı 1 saata üyüdür və iş prosesinə elektrik enerjisi sərf edilmir. Şadılı kəndi rayon mərkəzindən 35 kilometr uzaqlıqda yerləşsə də, kənddə fəaliyyət göstərən su dəyirmanına maraq böyükdür. Nəinki rayon sakinləri, hətta ətraf rayonlardan da bura buğda üyütməyə gəlirlər. Bu dəyirmanda üyüdülən un keyfiyyətli, bişirilən çörək isə xüsusi qoxuya malikdir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri su dəyirmanının fəaliyyəti, iş mexanizmi ilə yerində maraqlandılar. İcra Başçısı, 2 əsrlik yaşı olan və bölgədə yeganə olan bu dəyirmanın, həm də tarixi abidə kimi qorunması və təbliği ilə bağlı tövsiyyələrini bildirdi.