Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyluların güvən yeri.

04 sentyabr 2021 | 01:34

Goranboyun Tapqaraqoyunlu kəndi 30 ilə yaxın düşmənlə üz-üzə dayansa da, əhali mətinlik nümayiş etdirmiş, bir nəfər də olsun öz ata-baba yurdunu tərk etməmişdir. Qarabağ işğaldan azad edildikdən sonra bu kəndin sakinləri də azad nəfəs almağa başlamışlar. Artıq işğaldan azad olunmuş digər bölgələr kimi, bu kəndin də dirçəldilməsi, əhalinin sosial problemlərinin həll edilməsi istiqamətində işlərə başlanılmışdır.

İlk növbədə yol infrastrukturunun yenilənməsi üçün tədbirlər görülmüşdür. Kəndin rayon mərkəzi ilə əlaqəsini yaxşılaşdırmaq üçün Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu yolu yenidən qurularaq istifadəyə verilmişdir. İndi Tapqaraqoyunlu kəndinin sakinləri bu yolla istər rayon mərkəzinə, istərsə də digər ərazilərə rahat gedib-gəlirlər.

Goranboylu gənclər bir neçə il idi ki, rayon mərkəzində inşa edilən Olimpiya İdman Kompleksinin istifadəyə verilməsini gözləyirdilər. Nəhayət, dövlət başçısının rayona son səfəri zamanı bu nəhəng idman qurğusu istifadəyə verildi. Sahəsi 9 min 137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Kompleksin təkcə universal idman zalının tamaşaçı tutumu 905 nəfərdir.

Goranboy həm də ölkənin iri kənd təsərrüfatı rayonlarındandır. Son məlumata görə, rayon üzrə kənd təsərrüfatında ümumi məhsul buraxılışının dəyəri 75 milyon 882,5 min manat olmuşdur. Taxılçılar 22 min 86 hektardan 72 min 178,1 ton məhsul götürmüş, kümçülər 5829 kiloqram barama istehsal etmişlər. Heyvandarlıq məhsulları istehsalında da nəticələr müsbətdir. Belə ki, rayonda qaramalın baş sayı 40,5 minə, davarlarınkı 204,1 minə çatmışdır. Bu isə keçənilki göstəricilərdən xeyli yüksəkdir. Arıçılıq sahəsində də uğurlar var. Bu gün Goranboyda arı ailəsinin sayı 9700-dən çoxdur. Onlardan 68 min kiloqram məhsul gözlənilir.

Rayon əhalisi arasında yüksək əhvali-ruhiyyə var. Bu da əsasən ərazilərimizin işğaldan azad olunması ilə bağlıdır. Tapqaraqoyunlu kəndinin sakini Dərgah Abbasov deyir ki, Böyük Zəfərdən sonra da ölkəmizdə, o cümlədən Goranboyda həyata keçirilən tikinti-quruculuq işləri Azərbaycanın qüdrətindən xəbər verir: “Xüsusən kəndlərimizə diqqət artırılır. Elə bizim Tapqaraqoyunluda bunu aydın görmək olar”.

Həmin kəndin digər sakini Alya Şərəfxanova isə deyir ki, 30 il işğal altında qalan torpaqlarımızın azad olunması üçün canını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm: “Mənim oğlum Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Bir şəhid anası kimi dövlətimizin diqqət və qayğıkeşliyini hər zaman hiss edirəm. Bu yaxınlarda uşaq bağçasında işlə təmin olundum. Söz yox ki, bu, şəhid ailələrinə olan münasibətin nəticəsidir”.

Yeniyol kəndinin sakini Əfruzə Mirzəyeva da bildirir ki, son illər ölkədə kənd yollarının yenidən qurulmasından razıdır: “Bu baxımdan Goranboyda da xeyli iş görülmüşdür. Elə bizim Yeniyol kəndinin yolları uzun illər bərbad vəziyyətdə idi. İndi isə kənd yolumuz müasir yollarla müqayisə oluna bilər”.

Qaraçinar kəndinin sakini Müşfiq Xudiyev İkinci Qarabağ müharibəsi iştirakçısıdır: “Ali Baş Komandanın düşünülmüş siyasəti, möhkəm qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan torpaqları 30 illik işğaldan sonra azad edildi. Düşmən ata-baba torpaqlarımızdan qovuldu və ərazilərimizin bütövlüyü təmin olundu. Bu döyüşlərdə mən də iştirak etdim və bununla fəxr edirəm. Üzləşdiyim problemlərlə bağlı müharibə iştirakçısı kimi rayon icra hakimiyyətinə müraciət edəndə operativ kömək göstərilir. Bu isə o deməkdir ki, dövlət vətəndaşının güvən yeridir”.

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Keçidlər