Goranboylu bir qrup Şəhid ailələrimiz işğaldan azad edilmiş Talış-Suqovuşan ərazilərini ziyarətə yola salındı.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında Rəşadətli ordumuzun 44 günlük Vətən Müharibəsi zamanı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunaraq ərazi bütövlüyümüz təmin olundu. Şanlı Vətən Müharibəsi zamanı aparılan hərbi əməliyyatlarda Goranboylular da döyüşərək fədakarlıq və qəhrəmanlıq nümayiş etdirmişlər. Şəhidlərimizin bir çoxu Suqovuşan və Talış istiqamətində aparılan döyüşlərdə şəhid olmuşlar. Həmin Şəhidlərimizin valideynləri və ailə üzvləri Suqovuşan və Talış ərazilərini ziyarət etmələri üçün köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinə müraciət ünvanlamışlar. Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin yaxından dəstəyi ilə həmin Şəhid ailələri, bu gün səhər Goranboy rayon İcra Hakimiyyətinin inzibati binası önündən Suqovuşan - Talış ərazilərini ziyarətə yola salındı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan İcra Başçısı Məhərrəm Quliyev, rayonumuzda da onların sosial qayğılarının öyrənilməsi, həlli ilə bağlı Dövlət Başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq, Şəhid və Qazi ailələrinə daim xüsusi həssas yanaşmamın və doğma münasibətin olduğunu bildirdi və Şəhidlərimizin valideynlərinə, ailə üzvlərinə ziyarətləri ilə bağlı uğurlar arzuladı.