Goranboyda yazıçı doğum günü münasibətilə ziyarət olundu
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayon ağsaqqallar şurasının sədri və üzvləri, eləcə də ictimai fəallar Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Həsən Kərimovu (Həsən Göyçəli) 89-cu doğum günü münasibətilə yaşadığı evdə ziyarət edərək müxtəlif illərdə işıq üzü görmüş kitabları və ədəbi yaradıcılığı ilə tanış oldular. Rayon rəhbəri doğum günü münasibəti ilə təbrik edərək onun uzun illər ərzində zəngin yaradıcılığı, milli-mənəvi dəyərlərimizin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələrlə rayonun ictimai-mədəni həyatında özünəməxsus yer tutduğunu bildirdi. Çıxış edənlər digər şəxslər də Həsən Kərimovun Azərbaycan ədəbiyyatına verdiyi töhfələri yüksək qiymətləndirərək ona yeni yaradıcılıq uğurları arzuladılar. Sonda rayonun ictimai-mədəni həyatında fəal iştirakına, ədəbi irsimizin yaşadılması, təbliği istiqamətində səmərəli fəaliyyətinə və 89 yaşının tamam olması münasibətilə Həsən Kərimova icra başçısının təşəkkürnaməsi təqdim edildi. Həsən Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkədə ədəbiyyat və mədəniyyət xadimlərinə göstərilən qayğıya görə minnətdarlığını bildirdi.








