Goranboyda yağan güclü yağış fəsadlar yaratdı
08 iyun 2024-cü il tarixdə, axşam saatlarında baş verən leysan yağışı və güclü külək nəticəsində, Goranboy rayonu ərazisində çaylarda suyun səviyyəsi artmış, əksər yaşayış məntəqələrində fərdi təsərrüfatlara və əkin sahələrinə ziyan dəymiş, elektrik enerjisi və təbii qazın təhcizatında fasilələr yaranmışdır. Mövcud vəziyyətlə bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və RİH-nin məsul əməkdaşları operativ olaraq, ərazilərdə olmuş, aidiyyəti xidmət sahələrinin əməkdaşlarını və lazımi texnikaları ərazilərə cəlb etməklə, fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər görülmüşdür. Hazırda, Qazanbulaq qəsəbəsində təbii qazın və bir çox yaşayış məntəqələrində elektrik enerjisinin təhcizatı bərpa edilmiş, digər məntəqələrdə isə müvafiq işlər davam etdirilir.