Goranboyda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı ilə bağlı, tədbir keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir və Yevlax Regional idarələrinin və rayonun hüquq mühafizə orqanlarının əməkdaşlarının, rayonda fəaliyyət göstərən idarə, təşkilat rəhbərlərinin və bir qrup ictimai fəalların birgə iştirakı ilə Goranboyda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı ilə bağlı, tədbir keçirildi. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin xidmətdə fərqlənən bir qrup əməkdaşlarına rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edildi.
1993-cü il ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi yaradılıb. Ulu öndər Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sisteminə diqqət və qayğı siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib. Ölkə başçısının 21 avqust 2008-ci il tarixli Sərəncamı ilə hər il avqustun 23-ü Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2020-ci il martın 16-da imzaladığı “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman isə ölkəmizdə bu sahədə fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım oldu. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Azərbaycanın xüsusi mühafizə sisteminin əməkdaşları onlara göstərilən ali etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.