Goranboyda tibb işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirildi.
Goranboy rayonunda, 17 iyun -Tibb işçilərinin Peşə Bayramı ilə bağlı tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayon Mərkəzi Xəstəxanası–Publik Hüquqi Şəxsin rəhbərliyi, bir qrup tibb işçiləri və ictimai fəallar iştirak etdilər. Tədbir iştirakşıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə çıxış edənlər, Azərbaycanda digər sahələr kimi, səhiyyənin inkişafının da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründən başlayaraq ölkəmizdə səhiyyənin inkişafı sahəsində bir sıra mühüm islahatların həyata keçirildiyini, müstəqillik illərində müasir xəstəxana binalarının tikilərək istifadəyə verildiyini və müasir səhiyyə infrastrukturunun yaradıldığını diqqətə çatdırdı. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev səhiyyənin inkişafına xüsusi diqqət yetirir. Əhalinin sağlamlığının qorunması dövlətin əsas prioritet sahələrindən biridir. Səhiyyə sisteminin yenidən qurulması, infrastrukturunun yenilənməsi, səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, kadr hazırlığı, yoluxucu xəstəliklərin profilaktikası və əks-epidemik tədbirlərin aparılması daim diqqət mərkəzində saxlanılır, insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülür. Goranboyda da səhiyyənin inkişafı və bu məqsədlə, müasir tələblərə cavab verən tibb müəssisələrinin istifadəyə verilməsi təqdirəlayiqdir. Məhz, cənab Prezidentimizin iştirakı ilə 2020-ci ildə istifadəyə verilmiş və müasir tibbi avadanlıqlarla təhciz edilmiş 130 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının yeni binası dövlətimizin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Həmçinin sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə əsaslanaraq, rayon mərkəzində fəaliyyət göstərən özəl Medlife Diaqnostika və Estetika Mərkəzi və 200 nəfərin işlə təmin olunduğu Medlife Hospital rayonumuzda səhiyyənin və ümumilikdə, özəl sektorun inkişafına yaradılmış əlverişli mühitin bariz nümunəsidir. Tədbirdə, rayonun tibb xidməti sahəsində fərqlənən bir qrup tibb işçilərinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.