Goranboyda “Şanlı Zəfərin varisləriyik” adlı tədbir keçirildi
Goranboy Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının iştirakı, Goranboy Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Şanlı Zəfərin varisləriyik” adlı tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər. Əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini gənc nəslə aşılamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlıq yolunu təbliğ etmək, uşaqların və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olan tədbirdə çıxış edən natiqlər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən danışdılar. Qeyd olundu ki, bu gün müstəqil, suveren və qalib Azərbaycanın gənc nəsli Zəfər tariximizin davamçılarıdır. Gənclərimiz ölkəmizin tarixini dərindən öyrənməli, milli-mənəvi dəyərlərimizi qorumalı, dövlətçiliyimizə sədaqət ruhunda yetişməli və şəhidlərimizin bizə əmanət qoyduğu Vətənə layiqincə xidmət etməlidirlər. Tədbir çərçivəsində Goranboy Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən Zəfər Gününə həsr olunmuş rəsm əsərləri, əl işləri və müxtəlif yaradıcı kompozisiyalar iştirakçılara təqdim olundu.








