Goranboyda sahibkarlığın inkişafı məqsədi ilə, iş adamları üçün əlverişli və şəffaf şərait var.
Son illərdə Goranboy rayonunda həyatın bütün sahələrində əsaslı yüksəliş hiss olunur, dinamik inkişaf özünü hər addımda göstərir. Ən əsası isə odur ki, adamların əhval-ruhiyyəsi yüksəlmişdir. Artıq təşəbbüskar və yaradıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava mövcuddur. Rayon üzrə istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının, demək olar ki, hamısı məhz özəl bölmənin payına düşür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi, Goranboy rayonunun da inkişafına böyük təkan vermişdir. Dövlət Proqramına uyğun olaraq aqrar sahənin inkişafına diqqət, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi rayonda bir sıra mühüm nailiyyətlərin əldə olunması ilə nəticələnmişdir. Respublika Prezidentinin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması, istixana komplekslərinin tikintisi istiqamətində zəruri işlər görülmüşdür. Med Life müalicə və diaqnoztika mərkəzinin fəaliyyətinin genişləndirilməsi və bu məqsədlə, yeni korpusun inşasının aparılması, Goran qəsəbəsində və Muzdurlar kəndində kənd təsərrüfatı texnikalarının satış mərkəzlərinin fəaliyyətləri, Muzdurlar və Balakürd kəndlərində müasir damazlıq, ətlik və südlük heyvandarlıq komplekslərinin iqtisadi imkanlarının artırılması, Qızılhacılı qəsəbəsində müasir İstixana kompleksinin fəaliyyəti və bu kimi digər amillər rayonumuzda sahibkarlığın bütün sahələr üzrə inkişaf etdiyinin göstəricisidir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun Şəfibəyli kəndindən, hazırda Almaniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı Qasımov İlham İbrahimxəlil oğlu ilə görüşdü. İcra Başçısı iş adamı ilə söhbəti zamanı, xarici və yerli investisiya imkanlarının rayonumuzun iqtisadiyyatının, o cümlədən özəl sektorun inkişafına yönəldilməsindən danışdı və bu istiqamətdə rayonumuzda şəffaf mühitin formalaşdırıldığını diqqətə çatdırdı.