Goranboyda “Qərbi Azərbaycan abidələri uşaqların gözü ilə” adlı tədbir keçirildi
Goranboy Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Goranboy rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan abidələri uşaqların gözü ilə” adlı tədbir keçirildi. Əsas məqsədi Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, qədim memarlıq abidələrinin və milli-mənəvi dəyərlərinin uşaqlar arasında təbliğ edilməsi, onların tarixi keçmişimizə marağının artırılması, eləcə də gənc nəslin milli kimlik və vətənpərvərlik ruhunda formalaşmasına töhfə vermək olan tədbirdə çıxış edənlər Qərbi Azərbaycanın qədim tarixindən, burada mövcud olmuş maddi-mədəniyyət nümunələrindən, tarixi abidələrin xalqımızın milli yaddaşında və mədəni irsində tutduğu mühüm yerdən bəhs etdilər. Tədbir çərçivəsində uşaqların Qərbi Azərbaycanın tarixi-mədəni irsinə münasibətinin, qədim abidələrə olan marağının və bu irsin gələcək nəsillərə ötürülməsində iştirakının önəmi diqqətə çatdırıldı.








