Goranboyda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” və “erkən nikahın fəsadları” ilə bağlı maarifləndirmə tədbirləri keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsinin birgə iştirakı ilə, Xanqərvənd və Yeni Yol kəndlərində tədbir keçirildi. Tədbirdə çıxış edən rayon Polis şöbəsinin rəisi Ramin Qədirov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya Aslanov və digərləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vahid dövlət sistemi çərçivəsində hüquq mühafizə orqanları tərəfindən rayonda da müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında müvafiq profilaktik təbliğat işlərinin görüldüyünü, keçirilən tədbirlərin rayon sakinləri tərəfindən razılıqla qarşılandığını, eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu bildirdilər. Tədbirdə həmçinin erkən nikahın fəsadları barədə də maarifləndirici söhbətlər aparıldı.