Goranboyda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbir keçirildi
19 iyun 2026 | 14:17
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Proqramı"nın 5.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə, “Dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması” mövzusunda Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, ictimai şura və digər idarə müəssisə və təşkilatların nümayəndələrinin iştrakları ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə müzakirə edilən mövzunun ölkəmizdə demokratik idarəetmənin inkişafı, şəffaflığın təmin olunması və vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində iştirakının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi, ictimai iştirakçılığın dövlət-vətəndaş münasibətlərinin mühüm tərkib hissəsi hesab olunduğu, ictimai iştirakçılığın əsas məqsədinin vətəndaşların dövlət və cəmiyyət həyatında fəal iştirakını təmin etməklə dövlət orqanlarının fəaliyyətində aşkarlığı və hesabatlılığı artırdığı, korrupsiya ilə bağlı cinayətlər barədə tədbir iştrakçılarına məlumat verilmişdir.
Eyni zamanda çıxış zamanı korrupsiya hallarının dövlət idarəçiliyinin səmərəliliyinə mənfi təsir göstərdiyi, vətəndaşların dövlət orqanlarına etimadını azaltdığı, sosial ədalət prinsipini pozmaqla iqtisadi inkişafın qarşısında ciddi maneələr yaratdığı, bu baxımdan korrupsiyaya qarşı mübarizədə yalnız dövlət orqanlarının fəaliyyətinin deyil, həm də vətəndaş cəmiyyətinin və ictimaiyyətin fəal iştirakının mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində əsas münasibətləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun tənzimlədiyi tədbir iştrakçılarının nəzərinə çatdırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.








