Goranboyda heyvandarlıq təsərrüfatına baxış keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların gücləndirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Balakürd kəndində fermer Nəbiyev Feyzulla Sovetxan oğluna məxsus heyvandarlıq təsərrüfatında oldu. Təsərrüfatla tanışlıq zamanı rayon rəhbərinə müəssisənin fəaliyyəti, heyvandarlıq sahəsində əldə olunan nəticələr, mal-qaranın saxlanılması üçün yaradılmış şərait, eləcə də təsərrüfatın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilərək bildirildi ki, təsərrüfatda heyvanların sağlam saxlanılması, yem təminatının gücləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir, müasir yanaşmaların tətbiqinə xüsusi diqqət yetirilir. Məhərrəm Quliyev təsərrüfat ərazisində yaradılmış şəraitə baxış keçirərək heyvandarlıq sahəsinin inkişaf etdirilməsinin kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək dövlət tərəfindən aqrar sahəyə göstərilən hərtərəfli dəstəyin, tətbiq olunan güzəştlərin və müxtəlif təşviq mexanizmlərinin kənd təsərrüfatının bütün sahələri kimi heyvandarlığın da inkişafına mühüm töhfə verdiyini vurğuladı. Görüş zamanı sahibkarın təklif və müraciətləri dinlənilərək mövcud imkanlardan daha səmərəli istifadə olunması, həmçinin təsərrüfatın gələcək inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı. Sonda fermer Nəbiyev Feyzulla Sovetxan oğlu aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.








