Goranboyda, “Heydər Əliyev ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində "Sətirlərdə keçən ömür" adlı ədəbi-bədii tədbir keçirildi.
Goranboyda, “Heydər Əliyev ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində, Goranboy şəhər Mədəniyyət Evində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, goranboylu şair, publisist Ələsgər Əlioğlunun 70 illik yubileyinə və ədəbi-bədii yaradıcılığna həsr olunmuş "Sətirlərdə keçən ömür" adlı tədbir keçirildi. Tədbirdə, RİH-nin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan Ədəbiyyat qəzetinin redaktoru, Prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu, Azərbaycan yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair, publisist, Əməkdar jurnalist Qərib Mehdi, şairə Aləmzər Əlizadə, tanınmış şairlər Oktay Abdulla, İqbal İsmayılov, digər qonaqlar, bir qrup rayon ziyalıları, mədəniyyət işçiləri və ictimai fəallar iştirak etdilər. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev və digər ziyalılar, Ələsgər Əlioğlunun ədəbi, bədii yaradıcılığı barədə geniş söhbətlər açdılar, goranboylu ədibin təşəbbüsü və rəhbərliyi ilə Goranboy rayonunda vaxtı ilə fəaliyyət göstərən “Əli Nəzmi” ədəbi birliyinin və redaktorluğu ilə nəşr olunan “Gülüstan” toplusunun rayonun ictimai və mədəni həyatında müstəsna rol oynadığını, rayonda ədəbi ictimai mühitin formalaşdığını, yeni nəsil yazıçı və şairlərin yetişdiyini bildirdilər. Ələsgər Əlioğlunun Azərbaycan Uşaq Ədəbiyyatında özünəməxsus yaradıcılığı və bu sahədə təqdirəlayiq nailiyyətləri xüsusi ilə vurğulandı. Tədbirdə, rayon Mədəniyyət Evinin incəsənət ustalarının ifasında musiqi proqramı və məktəblilərin təqdimatında, Ələsgər Əlioğlunun şeirlərinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirildi.