Goranboyda Dövlət Proqramının icrası ilə bağlı layihələr təhlil olunur
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi, istehsal potensialının artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsi istiqamətində mühüm hədəflər müəyyən edir.Dövlət Proqramında kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin artırılması, intensiv və innovasiya əsaslı istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə olunması, aqrar sahədə müasir idarəetmə mexanizmlərinin tətbiqi, fermer və təsərrüfat subyektlərinin fəaliyyət imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasında yer alır.Sənəddə, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalından emalına, saxlanılmasına, logistikasına və satışına qədər bütün mərhələləri əhatə edən aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac potensialının artırılması ilə bağlı mühüm istiqamətlər müəyyənləşdirilib.Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda səmərəli icrasının təmin edilməsi məqsədilə yerlərdə həyata keçirilən layihələrin və aqrar təsərrüfatların fəaliyyətinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi, qarşıya çıxan məsələlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.Bu məqsədlə Goranboy rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı subyektlərində monitorinq və təhlil tədbirləri həyata keçirilir. Monitorinqlər zamanı təsərrüfatların mövcud vəziyyəti, istehsal imkanları, istifadə olunan resurslar, məhsuldarlıq göstəriciləri, tətbiq edilən texnologiyalar, istehsalın genişləndirilməsi imkanları və təsərrüfatların inkişaf perspektivləri öyrənilir. Növbəti monitorinq çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə və rayonda yaradılmış Qərargahın üzvləri tərəfindən Mustafayev Elmir Xanlar oğluna məxsus heyvandarlıq təsərrüfatına baxış keçirildi. Baxış zamanı təsərrüfatın fəaliyyəti, mövcud istehsal potensialı və gələcək inkişaf imkanları ilə bağlı ətraflı məlumat verilərək bildirildi ki, təsərrüfatın genişləndirilməsi məqsədiylə Macarıstan Respublikasından 108 baş südlük iribuynuzlu heyvanın gətirilməsi planlaşdırılır. Layihənin həyata keçirilməsi nəticəsində təsərrüfatda süd istehsalı əhəmiyyətli dərəcədə artaraq illik istehsalın hazırkı 521 tondan 1 133 tona çatdırılması gözlənilir. Artırılması nəzərdə tutulan 108 baş iribuynuzlu heyvanın saxlanılması məqsədilə müasir tələblərə cavab verən və 200 baş heyvan tutumuna malik tövlənin tikintisi artıq başa çatdırılıb. Təsərrüfatın genişləndirilməsi üçün yaradılmış bu infrastrukturun gələcəkdə heyvanların müasir standartlara uyğun saxlanılmasına və istehsal prosesinin daha səmərəli təşkilinə imkan verəcəyi qeyd olundu. Qeyd olundu ki, yeni südlük heyvanların təsərrüfata gətirilməsi istehsal həcminin artırılması ilə yanaşı, heyvandarlıq sahəsində məhsuldarlığın yüksəldilməsinə, müasir təsərrüfatçılıq yanaşmalarının tətbiqinə və süd istehsalının daha səmərəli təşkilinə imkan yaradacaq. Təsərrüfatın maddi-texniki bazası, heyvanların saxlanılması və bəslənilməsi şəraiti, yem təminatı, baytarlıq xidmətləri, süd istehsalının təşkili və gələcəkdə istehsal gücünün artırılması istiqamətində görülməsi nəzərdə tutulan işlər nəzərdən keçirildi. Görüş zamanı təsərrüfat sahibinin qarşılaşdığı məsələlər və təklifləri də dinlənilərək aqrar təsərrüfatların inkişafına mane olan amillərin yerində müəyyənləşdirilməsinin, mövcud problemlərin aidiyyəti qurumlarla birgə araşdırılmasının və onların həlli istiqamətində operativ tədbirlərin görülməsinin əhəmiyyəti vurğulandı.. Goranboy rayonunda kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən təsərrüfatlarda monitorinqlərin davam etdirilməsi, Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerli səviyyədə icra vəziyyətinin öyrənilməsi və nəticələrin təhlili nəzərdə tutulur.








