Goranboyda Dövlət proqramından irəli gələn məsələlər uğurla icra olunur
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun dayanıqlı inkişafı, istehsal potensialının artırılması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində mühüm hədəflər müəyyən edir. Dövlət Proqramının əsas prioritetləri sırasında kənd təsərrüfatında intensiv və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, emal və logistika imkanlarının artırılması, yerli istehsal və ixrac potensialının gücləndirilməsi xüsusi yer tutur. Müəyyən edilmiş hədəflərin regionlarda icrasının təmin edilməsi, həyata keçirilən layihələrin vəziyyətinin yerində öyrənilməsi və görülən işlərin qiymətləndirilməsi məqsədilə Goranboy rayonunda fəaliyyət göstərən təsərrüfatların icra vəziyyətinin monitorinqləri davam etdirilir. Növbəti monitorinq çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə və rayonda yaradılmış Qərargahın üzvləri tərəfindən sahibkar Kərimov Kamal Camal oğluna məxsus intensiv meyvə bağı təsərrüfatına baxış keçirildi. Baxış zamanı təsərrüfatın mövcud istehsal imkanları, tətbiq olunan aqrotexniki tədbirlər, məhsuldarlığın artırılması istiqamətində görülən işlər və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verildi. Layihəyə əsasən, mövcud əkin sahəsinin əlavə 100 hektar artırılaraq ümumilikdə 220 hektara çatdırılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi nəticəsində intensiv meyvəçiliyin inkişaf etdirilməsi, istehsal həcminin artırılması və təsərrüfatın məhsuldarlıq göstəricilərinin yüksəldilməsi hədəflənir. Belə ki, məhsuldarlığın 190,9 sentnerə, məhsul istehsalının isə 1 639,2 tondan 41 998 tona çatdırılması nəzərdə tutulur. Müvafiq layihənin reallaşdırılması məqsədilə əlavə 100 hektar torpaq sahəsinin 15 hektarı artıq əldə edilib. Qalan 85 hektar torpaq sahəsinin alınması ilə bağlı fermerlərlə müvafiq danışıqlar davam etdirilir. Həmçinin istehsal prosesində müasir aqrar yanaşmaların tətbiqinin genişləndirilməsi, resurslardan səmərəli istifadə, suvarma imkanlarının təkmilləşdirilməsi və məhsuldarlığın yüksəldilməsi ilə bağlı məsələlər müzakirə olundu. Qeyd edilib ki, intensiv bağçılığın inkişaf etdirilməsi Goranboy rayonunun aqrar potensialından daha səmərəli istifadə olunmasına, əkin sahələrinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına və kənd təsərrüfatı istehsalının yüksəldilməsinə imkan yaradır. Monitorinq zamanı layihənin icrası ilə bağlı qarşıya qoyulan hədəflər, mövcud imkanlar və növbəti mərhələdə görüləcək işlər diqqətə çatdırılıb, aidiyyəti məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı. Goranboy rayonunda intensiv bağçılığın inkişafı, aqrar layihələrin icrasının yerində öyrənilməsi, istehsal imkanlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqinin təşviqi istiqamətində monitorinq tədbirləri bundan sonra da davam etdiriləcək.








