Goranboyda dağlıq ərazidə yerləşən Mənəşli kəndinin içməli su probleminin həlli ilə bağlı, sakinlərlə birgə müzakirələr aparıldı.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bir qrup məsul şəxslərlə birgə, rayonun dağlıq zonada yerləşən Mənəşli kəndində oldu. İcra Başçısı, burada əhalinin mövcud sosial şəraiti, kəndlərin infrastruktur, o cümlədən: elektrik enerjisi, rabitə xəttlərinin təhcizatı və içməli su təminatı məsələləri ilə yerində maraqlandı. Əhalinin içməli su ilə davamlı və səmərəli təminatının yaxşılaşdırılması məqsədi ilə Kürəkçayın Balakürək qolundan mənbəyini götürəcək 6 km məsafədən su boru kəmər xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. İcra Başçısı su xəttinin çəkiləcəyi ərazilərə, o cümlədən, suyun mənbəyinə baxış keçirdi, bununla bağlı məsləhətləşmələr aparıldı. Su xəttinin çəkilməsi məqsədi ilə borular, artıq əraziyə gətirilmiş və yaxın müddətdə müvafiq işlərə başlanılacaqdır. Yerli sakinlər və aidiyyəti məsul şəxslərlə aparılan söhbətlər zamanı, rayonun dağlıq zonada yerləşən 7 yaşayış məntəqəsinə, həmçinin Mənəşli və Erkeç kəndlərinə də təbii qaz xəttinin çəkilməsi ilə bağlı, layihə-sənədləşmə işlərinin yekunlaşdırıldığı və yaxın gələcəkdə işlərə başlanılmasının nəzərdə tutulduğu bildirildi.