Goranboyda Çernobıl faciəsinin 37-ci ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdə, rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Çernobıl Əlilləri Cəmiyyətinin rayon şöbəsinin sədri və çernobıl əlilləri, rayon Polis şöbəsinin, DTX rayon şöbəsinin, digər idarə və təşkiltların məsul vəzifəli əməkdaşları və bir qrup ictimai fəallar iştirak etdilər.
1986-cı ildə Çernobılda baş verən hadisə bütün bəşəriyyətə böyük faciə yaşatdı. Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı blokunda baş vermiş qəza milyonlarla insanın öz doğma yurdundan didərgin düşməsinə, on minlərlə insanın ömürlük şikəst olmasına və neçə-neçə nəslin bu fəlakətin bəlalarından əzab çəkməsinə gətirib çıxartdı. Bəşəriyyəti xilas etmək naminə özünü qəza yerinə çatdıran, qəzanın nəticələrini aradan qaldırmaqda yaxından iştirak edən nə az - nə çox, yüksək şüalanmaya məruz qalmış 7 min Azərbaycan oğlu da var idi.
Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra, onun təşəbbüsü ilə 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi" haqqında Qanun qəbul edildi. Bu zümrədən olan insanlara diqqət və qayğının Heydər Əliyev nümunəsi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.