Goranboyda “Azərbaycan Respublikasında Sahibkarlar Günü” ilə bağlı tədbir keçirildi.
Son vaxtlar Goranboy rayonunda həyatın bütün sahələrində əsaslı yüksəliş hiss olunur, dinamik inkişaf özünü hər addımda göstərir. Ən əsası isə odur ki, adamların əhval-ruhiyyəsi yüksəlmiş, təşəbbüskar və yaradıcı mühit formalaşmış və sağlam mənəvi-psixoloji ab-hava mövcuddur. Azad sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə yaradılmış münbit və əlverişli şərait, əsassız yoxlamaların, süni maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, son vaxtlar müxtəlif təyinatlı özəl müəssisələrin sayı xeyli artmışdır. Rayon üzrə istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının, demək olar ki, hamısı məhz özəl bölmənin payına düşür. Burada, ilk növbədə Prezident cənab İlham Əliyevin respublikamızda azad sahibkarlığın, bazar iqtisadiyyatının sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli fəaliyyətini, bu sahəyə göstərdiyi gündəlik diqqət və qayğısını, imzaladığı fərman və sərəncamları xüsusilə qeyd etmək lazımdır.
Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-də Azərbaycanda ilk dəfə “Sahibkarlar Günü” qeyd edilib. Bu məqsədlə, Goranboy rayonunda da tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Konfederasiyanın Goranboy rayonu üzrə nümayəndəsi Rüstəm Nağıyev, rayonun xidmət sahələrinin rəhbərləri, yerli iş adamları, sahibkarlar, fermerlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Goranboy şəhəri Heydər Əliyev Mərkəzində davam etdirildi.
Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihə və islahatlardan danışdı, sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, Goranboyun sənaye, kənd təsərrüfatı və turizm mərkəzi kimi inkişaf etməsi üçün ölkə rəhbəri cənab İlham Əliyev hər cür dəstək göstərir. Odur ki, qanun çərçivəsində fəaliyyəti artırmaq üçün sahibkarlara bundan sonra da hər cür yardım göstəriləcək. Biz Goranboyumuzu ölkənin ən inkişaf etmiş rayonları sırasında görmək üçün abadlıq, tikinti və quruculuq işlərini daha geniş miqyasda aparmalıyıq. Sahibkarlığın inkişafı həm yeni iş yerlərinin açılması, həm də rayonumuzun inkişafı deməkdir. Bu səbəbdən də sahibkarlarla görüşməyi, təklif və arzularını dinləməyi məqsədəuyğun hesab etdiyini vurğuladı və qeyd etdi ki, birgə fəaliyyətlə rayonumuzun inkişafında daha böyük uğurlara nail olmaq olar.
Görüşdə çıxış edənlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölkədə, o cümlədən Goranboyda münbit əlverişli və şəffaf şəraitin olduğunu vurğuladılar. Goranboyda sahibkarlar, iş adamları, fermerlər yaradılmış azad, sərbəst və münbit şərait üçün ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirdilər, bütün imkan və səylərini iqtisadiyyatımızın daha da genişləndirilməsinə yönəldəcəklərini bəyan etdilər.
Tədbirin sonunda rayonun sosial-iqtisadi və ictimai həyatında fərqlənən bir qrup sahibkara rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.