Goranboyda arıçılıq təsərrüfatı inkişaf etdirilir.
Goranboy rayonunda iqtisadiyyatın əsasını aqrar sektor təşkil edir. Bu sahənin inkişafının təmin edilməsi məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən, müvafiq təşkilatlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar üçün əlverişli şərait yaradılır. Rayonda son dövrlərdə aqrar sektorda inkişaf etdirilən sahələrdən biri də arıçılıq təsərrüfatıdır. Təsadüfi deyil ki, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzi də məhz burada yerləşir. Mərkəzin 83 hektar ərazisi var və burada arıçılıqla yanaşı, taxılçılıq və bağçılıq da inkişaf etdirilir. Mərkəzdə müasir avadanlıqlarla təhciz olunmuş xüsusi labaratoriya fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərlə birgə, Fəxralı kəndində fəaliyyət göstərən Mərkəzin mövcud iş şəraiti ilə yerində tanış oldu, bu təsərrüfatın daha da inkişaf etdirilməsi ilə bağlı, təkliflərlə maraqlandı, öz tövsiyələrini verdi.