Goranboyda aqrar sektorun aparıcı sahələrindən biri olan tütünçülük inkişaf etdirilir
2004-cü ildən həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramlarının uğurlu icrası regionlarda aqrar sahənin inkişafında əsaslı rol oynayıb. Dövlət proqramları ilə yanaşı Möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlik Fərman və sərəncamları da fermerlərin fəaliyyətinin stimullaşdırılmasına, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Goranboy rayonunda da aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafında əsaslı nəticələr əldə edilib. Tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradılmışdır. Məlumat üçün bildiririk ki, əvvəllər rayonun Qarqucaq, Zeyvə, Şəfəq, Yenikənd və Qaraçinar kəndlərində, ümumilikdə 8 hektar sahədə tütün becərilirdi. Cari ildə bu sahənin inkişafı genişləndirilərək, Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2,45 ha sahədə tütün toxumu üçün 14 istixana qurulub və bu istixanalarda becərilən şitil toxumları xarıcdən gətirilir, torf kübrə qarışığı ilə əkilir. Hazırda burada 40 nəfərə yaxın mövsümi işlə təmin edilmiş, yaxın gələcəkdə 180 nəfərin işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Cari məhsul ili üçün 291 hektar sahəni əhatə edən torpaq sahəsində 5 mülkiyyətçi ilə bağlanmış müqavilə əsasında 135 hektar sahədə tütün əkini həyata keçirilmişdir. Hazırda tütün ştillərinin əkin sahələrinə köçürülməsi prosesi davam etdirilir. Əkin sahələri müasir suvarma sistemləri ilə tam təchiz olunmuşdur ki, bu da su ehtiyatlarından səmərəli istifadəni və məhsuldarlığın artırılmasını təmin edir. Əkin üçün istifadə olunan toxum sortu Virciniya (NC291) çeşididir ki, bu da keyfiyyətli və məhsuldar tütün sortları sırasında yer alır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, istixanalarda tütün şitillərinin becərilməsi və əkin sahələrinə köçürülməsi prossesi ilə yaxından tanış oldu.








