Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda aqrar sahədə yeni layihələrin icrası ilə bağlı monitorinq aparıldı

18 sentyabr 2026 | 16:58

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə aqrar sahənin yeni inkişaf mərhələsinə keçirilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinin genişləndirilməsini, məhsuldarlığın artırılmasını, müasir texnologiyaların tətbiqinin sürətləndirilməsini və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini qarşıya mühüm vəzifələr kimi qoyur. Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının istehsalı və emalında müasir yanaşmaların tətbiqi, resurslardan, xüsusilə su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, istehsalçıların müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, emal və logistika infrastrukturunun gücləndirilməsi, eləcə də yerli istehsalın və ixrac potensialının artırılması əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir. Proqram çərçivəsində aqrar sahədə məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, iqlimə davamlı və innovasiya əsaslı istehsal modelinə keçidin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının regionlarda icrası ilə əlaqədar Goranboy rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatlarında monitorinqlər keçirilir. Bu məqsədlə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də rayonda yaradılmış Qərargahın üzvləri tərəfindən “Region Aqro” MMC-yə baxış keçirildi. Goranboy rayonunda fəaliyyət göstərən “Region Aqro” MMC Prezident İlham Əliyevin aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı çağırışlarına ilk qoşulan təsərrüfatlardan biridir. Müəssisə fəaliyyətinin genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi istiqamətində dövlətin müəyyən etdiyi prioritetləri əsas götürərək istehsalın müasir texnologiyalar əsasında təşkilinə xüsusi diqqət yetirir. “Region Aqro” MMC tərəfindən həyata keçirilən layihələr Dövlət Proqramında qarşıya qoyulan hədəflərlə uzlaşmaqla yanaşı, müasir suvarma sistemlərinin tətbiqi, əkin sahələrinin məhsuldarlığının yüksəldilməsi, ərzaqlıq buğda istehsalının artırılması və kənd təsərrüfatında resurslardan səmərəli istifadənin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramının icrası ilə əlaqədar müəssisə tərəfindən 727 hektar sahədə 15 ədəd pivot suvarma sistemi quraşdırılaraq ərzaqlıq buğda istehsalı həyata keçirilir Layihə çərçivəsində 8 895 ton ərzaqlıq buğda istehsalının təmin edilməsi, hər hektardan orta hesabla 60 sentner məhsuldarlığa nail olunması hədəflənir. Bu isə müəssisənin müasir aqrotexniki yanaşmaların tətbiqinə və istehsal prosesinin tam texnoloji əsaslarla qurulmasına verdiyi önəmin göstəricisidir. “Region Aqro” MMC-nin həyata keçirdiyi bu layihə eyni zamanda dövlət başçısının ərzaq təhlükəsizliyinin təmin olunması, xüsusilə strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsullarının yerli istehsalının artırılması ilə bağlı müəyyən etdiyi prioritetlərin özəl sektor tərəfindən dəstəklənməsinin nümunəsidir. Dövlət Proqramının əsas məqsədlərindən biri aqrar sahədə məhsuldarlığın artırılması hesabına istehsalın genişləndirilməsi və daha yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsidir. Bu baxımdan “Region Aqro” MMC-nin müasir suvarma texnologiyalarından istifadə etməklə geniş əkin sahələrində məhsuldarlığın yüksəldilməsinə yönəlmiş fəaliyyəti proqramın məqsəd və hədəflərinin yerlərdə reallaşdırılmasına töhfə verən nümunələrdən biri kimi qiymətləndirilə bilər. “Region Aqro” MMC-nin icraçı direktoru Xatirə Məmmədova da Prezidentin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və dövlət dəstəyini yüksək qiymətləndirərək Dövlət Proqramının kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin genişləndirilməsi və investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.

Keçidlər