Goranboyda, “Aqrar sahədə sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Rafət Qurbanov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Goranboy rayonu üzrə nümayəndəsi Rüstəm Nağıyev, rayonun aidiyyəti xidmət sahələrinin rəhbərləri, bir qrup sahibkar və fermerlər iştirak etdilər. Tədbrdə, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi, fermer və kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsi məqsədi ilə dövlətimiz tərəfindən bu sahədə nəzərdə tutulan mövcud kredit və digər əlverişli güzəştlərdən səmərəli istifadə olunması barədə müzakirələr aparıldı, bununla bağlı yerli sahibkar və fermerləri maraqlandıran suallar cavablandırıldı.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyətinin məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.