Goranboyda aqrar sahədə müasir dron texnologiyalarının tətbiqinə dair fermerlərlə maarifləndirici tədbir keçirildi
Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və BİMEXTECH MMC-nin birgə təşkilatçılığı ilə aqrar sahədə fəaliyyət göstərən fermerlərin iştirakı ilə “Dron texnologiyalarından istifadə etməklə əkin sahələrində herbisid və gübrə tətbiqinin optimallaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi müasir texnologiyaların kənd təsərrüfatında tətbiqinin genişləndirilməsi, fermerlərin innovativ yanaşmalar barədə məlumatlandırılması və dronlardan istifadə etməklə əkin sahələrində herbisid və gübrələrin daha dəqiq, səmərəli və optimal şəkildə tətbiqinin təşviq edilməsidir. Görüş zamanı dron texnologiyalarının əkin sahələrinin monitorinqində, bitkilərin vəziyyətinin qiymətləndirilməsində, herbisid və gübrələrin ehtiyac olan sahələrə dəqiq dozada tətbiqində yaratdığı imkanlar barədə fermerlərə ətraflı məlumat verilib. Həmçinin bu texnologiyaların aqrar istehsalda resurslardan səmərəli istifadəyə, məhsuldarlığın artırılmasına və xərclərin optimallaşdırılmasına verdiyi töhfələr diqqətə çatdırıldı. Tədbir çərçivəsində fermerlərin sualları cavablandırılıb, onların maraqlandıran məsələləri ətrafında fikir mübadiləsi aparılıb və müasir aqrotexnoloji yeniliklərin təsərrüfatlarda tətbiqi ilə bağlı praktiki məlumatlar təqdim olundu. Müasir texnologiyaların kənd təsərrüfatına tətbiqi – daha səmərəli, dəqiq və dayanıqlı aqrar istehsalın əsas istiqamətlərindən biridir.








