Goranboyda “5 oktyabr –müəllimlərin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun bigə təşkilatçılığı ilə, “5 oktyabr –müəllimlərin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun rəhbəri və təhsildə fərqlənən bir qrup müəllimləri, rayonun bəzi xidmət sahələrinin rəhbərləri, Şəhid anaları və Qazilər iştirak etdilər.
Tədbirdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarının fəda etmiş Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxışı zamanı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğsısı ilə, Goranboy rayonunda da təhsilin inkişafı və rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının zənginləşdirilməsi ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini qeyd edən icra başçısı Məhərrəm Quliyev, son illərdə rayonumuzda 32 məktəb binasının yenidən tikildiyini, 11 məktəb binasının əsaslı təmir edildiyini vurğuladı. İcra Başçısı bildirdi ki, 7 məktəb, o cümlədən cari ilin yanvarında açılışını etdiyimiz 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbi birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında inşa edilmişdir. Bundan əlavə ötən ildə Abbasqulular və Gürzallar kəndlərində modul tipli məktəblər də istifadəyə verilmişdir. Cari ilin sentyabr ayında isə, cənab Prezidentimizin müvafiq Sərəncamları əsasında, Təhsil Nazirliyi tərəfindən yeni inşa edilmiş 920 şagird yerlik Dəliməmmədli şəhəri, əsaslı təmir-bərpa edilmiş Tap və Qaraçinar kənd tam orta məktəbləri istifadəyə verildi. Yaxın vaxtlarda isə Qızılhacılı qəsəbə və Səfikürd kənd tam orta məktəblərinin də əsaslı təmirinə başlanılacaq, Kürəkçay qəsəbəsində modul tipli məktəb inşa ediləcəkdir.
Tədbirdə, təhsildə fərqlənən bir qrup müəllimlərə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edildi və sonda xatirə fotosu çəkildi.