Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası seldən zərər çəkmiş Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində monitorinq işlərini davam etdirir.
Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində güclü yağış yağması ilə yaranmış sel nəticəsində vətəndaşlara dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı işləri davam etdirir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun digər rəhbər şəxsləri və Komissiya üzvləri növbəti dəfə Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində oldular, zərər görmüş sakinlərlə görüşdülər, fərdi yaşayış evlərinə və təsərrüfatlarına baş çəkdilər.
Bildiririk ki, 22.06.2022 ci il tarixdə günorta saatlarından başlayan və gecə saatlarına kimi davam edən güclü yağış yağması ilə əlaqədar Goranboy rayonunun dağ kəndlərində, o cümlədən Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsi yüksəlmiş, sel-suların daşması nəticəsində, rayonun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində, fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, təsərrüfatlara, əkin sahəsinə, məişət və texniki avadanlıqlara, iri və xırda buynuzlu mal-qaraya, ev quşlarına, minik avtomobillərinə və müxtəlif sayda iaşə obyektlərinə, restoran və kafelərə ziyan dəymişdir.